Dövlət başçısı beynəlxalq hüququn üstünlüyünün qorunmasının zəruriliyini vurğuladı- ÖZƏL
12:49 Siyasət"Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən çıxışının ən mühüm mesajlarından biri beynəlxalq hüququn vəziyyəti ilə bağlı idi. Dövlətimizin başçısı beynəlxalq hüququn üstünlüyünün qorunmasının zəruriliyini vurğulayaraq Azərbaycanın 30 il ərzində üzləşdiyi işğal problemini xatırlatdı. Onun sözlərinə görə, beynəlxalq mexanizmlər normal fəaliyyət göstərsəydi, Azərbaycan öz hüquqlarını hərbi yolla bərpa etməyə məcbur qalmazdı". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib:
"Prezident İlham Əliyev bu kontekstdə "beynəlxalq hüquq iflic vəziyyətinə düşmüşdü" ifadəsini işlətdi və bunun öz-özünə baş vermədiyini bildirdi. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edəcək daha işlək mexanizmlərin yaradılmasının vacibliyini qeyd etdi. Dövlətimizin başçısının yanaşmasına görə, beynəlxalq hüquq bütün dövlətlər üçün eyni prinsiplərlə tətbiq olunmalı və selektiv yanaşmalara yol verilməməlidir.
Bütün bu məqamlar göstərir ki, Türk Dövlətləri Təşkilatının gündəliyində təhlükəsizlik məsələsi getdikcə daha geniş məzmun alır. Söhbət yalnız mövcud təhdidlərə cavab verməkdən deyil, həm də qabaqlayıcı tədbirlər görməkdən, informasiya və ideoloji təhlükələrə qarşı dayanıqlılığı artırmaqdan, enerji və nəqliyyat təhlükəsizliyini təmin etməkdən və beynəlxalq hüququn üstünlüyünü müdafiə etməkdən gedir.
17 sentyabr görüşünün əsas mesajlarından biri də budur ki, Türk dövlətləri qarşılıqlı etimad, həmrəylik və əməkdaşlıq imkanlarını daha səmərəli şəkildə birləşdirərək ümumi təhlükəsizlik mühitinin möhkəmləndirilməsinə töhfə verə bilərlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşıda birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və TDT-nin beynəlxalq arenadakı rolunun daha da gücləndirilməsi dayanır".