Türk dövlətlərinin əməkdaşlığı beynəlxalq maraqlar baxımından da əhəmiyyətlidir- ÖZƏL

"Bakıda keçirilən mühüm görüş Türk Dövlətləri Təşkilatının (TDT) gündəliyində təhlükəsizlik məsələlərinin getdikcə daha mühüm yer tutduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər yalnız cari təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi baxımından deyil, bütövlükdə Türk dünyasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqət çəkdi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bakıda TDT-nin Baş katibi, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikası nümayəndələrinin iştirakı ilə keçirilən görüş təşkilat çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın institusional xarakter aldığını göstərən mühüm hadisələrdən biri oldu. Bu toplantı eyni zamanda TDT məkanında təhlükəsizlik məsələlərinin artıq yalnız ayrı-ayrı dövlətlərin milli gündəliyi kimi deyil, ortaq maraqlar müstəvisində nəzərdən keçirildiyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması ilə bağlı fikirlər idi. Dövlət başçısı qeyd etdi ki, TDT çərçivəsində müzakirə olunan məsələlər beynəlxalq təhlükəsizlikdən tutmuş ticarət, nəqliyyat, enerji və humanitar əməkdaşlığa qədər geniş spektri əhatə edir. Bu yanaşma təsadüfi deyil. Çünki Türk dünyası bu gün yalnız ortaq tarixə, dilə və mədəniyyətə söykənən mənəvi birlik anlayışı ilə məhdudlaşmır. TDT məkanında yerləşən ölkələrin iqtisadi, nəqliyyat, enerji və geosiyasi potensialı təşkilatın beynəlxalq münasibətlər sistemində çəkisini artıran mühüm amillərdir. Prezidentin vurğuladığı kimi, TDT-yə üzv ölkələrin ərazilərindən mühüm enerji və nəqliyyat dəhlizləri keçir. Bu isə Türk dövlətlərinin qarşılıqlı əməkdaşlığını təkcə regional deyil, daha geniş beynəlxalq maraqlar baxımından da əhəmiyyətli edir.

Prezident İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri təhlükəsizlik anlayışına kompleks yanaşma oldu. Müasir dövrdə təhlükəsizliyi yalnız sərhədlərin və ərazi bütövlüyünün qorunması ilə məhdudlaşdırmaq mümkün deyil. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının etibarlılığı, informasiya təhlükəsizliyi, terrorçuluq, transmilli cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm və hibrid təhdidlər dövlətlərin qarşısında yeni çağırışlar yaradır. Azərbaycan Prezidenti məhz bu reallığa diqqət çəkərək təhlükəsizlik qurumları arasında məlumat mübadiləsinin, birgə fəaliyyətin və koordinasiyanın gücləndirilməsinin vacibliyini bildirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31