Yeni Dövlət Proqramının həyata keçirilməsi ilə yerli istehsal və emal imkanları daha da genişlənəcək- ÖZƏL
10:07 Siyasət"Sentyabrın 22-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirildi. Müşavirədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində qarşıya qoyulan növbəti hədəflərdən biri zəngin mineral resurslarımızdan daha səmərəli istifadə etməklə ölkə daxilində əlavə dəyərin artırılmasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Burada əsas məsələ yalnız hasilatın artırılması ilə məhdudlaşmır. Xammalın emalından son məhsula qədər tam dəyər zəncirinin formalaşdırılması, müasir texnologiyaların tətbiqi, yerli istehsalın genişləndirilməsi və ixrac imkanlarının artırılması Azərbaycanın sənaye siyasətində yeni imkanlar yaradır. Bu yanaşma Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi sənayeləşmə və qeyri-neft sektorunun inkişafı siyasətinin məntiqi davamıdır.
Xüsusilə metallurgiya sənayesinin inkişafı ölkənin sənaye potensialının gücləndirilməsi, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, həmçinin iqtisadiyyatın daha yüksək əlavə dəyər yaradan sahələr hesabına inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əminəm ki, 2027-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramının həyata keçirilməsi ilə dağ-mədən və metallurgiya sahəsində yeni mərhələnin əsası qoyulacaq, yerli istehsal və emal imkanları daha da genişlənəcək.
Bu, həm iqtisadiyyatımızın şaxələndirilməsi, həm sənaye potensialımızın artırılması, həm də Azərbaycanın regional və beynəlxalq sənaye zəncirlərində mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli addımdır".