Bu Dövlət Proqramı işğaldan azad edilən torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyasına təkan verəcək- ÖZƏL
10:06 Siyasət"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaxın perspektivdə ölkə iqtisadiyyatını nə gözlədiyi haqda iki mühüm açıqlaması diqqətimi çəkdi. Onlardan biri beş il müddətində reallaşdırılması nəzərdə tutulan dövlət proqramının dağ-mədən sənayesinə və ümumiyyətlə, iqtisadiyyata təsiri haqda idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Təbii resurslardan daha səmərəli istifadəni və istehsal zəncirinin yaradılmasını nəzərdə tutan bu proqram, birincisi, qeyri-neft sektorunun ÜDM-də payının xeyli artmasına təkan verəcək. Yəni dağ-mədən sənayesinin ÜDM-də payı hazırda 700 milyon manatdırsa, 2030-cu ildə 1,8 milyard manata qədər yüksələcək. İllik ixrac potensialı isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılacaq.
İkincisi və ən əsası, bu, beş min daimi yeni iş yeri ilə yanaşı, işğaldan azad edilən torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyasına böyük təkan deməkdir. Çünki o beş min iş yerinin çoxu Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarının istismara verilməsi, orada yeni zavodların işə düşməsi nəticəsində yaranacaq.
Amma Naxçıvanda və Balakəndə də yeni filiz yataqları istifadəyə veriləcək. Mənim çox önəmli saydığım məsələlərdən biri də dövlətin neft yataqlarına yanaşmada yeritdiyi strategiyanın dağ-mədən sənayesində də əsas götürülməsidir. Bu, özünü Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakəndəki "Filizçay" polimetal yatağının bütün səhmlərinin ilkin mərhələdə tamamilə dövlət şirkəti "AzerGold"-a verilməsində göstərir.
Cənab Prezidentin neft sektorunun özü ilə bağlı söylədiklərindən isə belə anladım ki, burada ölkəmizi yeniliklər, həm də nikbin yeniliklər gözləyir: "Bizim əsas neft yatağımız "Azəri-Çıraq-Günəşli" artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq".
Neft hasilatında artımın da ola biləcəyi yəqin ki, çoxumuza sürpriz təsiri bağışladı. Xatırladım ki, dövlətimizin başçısı bəzən proqnoz verərkən indi olduğu kimi qəti ifadələr işlətməsə də, bir qayda olaraq o, necə təsvir edirsə, elə bir reallıqla da üzləşirik. Yəni bu açıqlama göstərir ki, Azərbaycan ən azından orta perspektivdə də önəmli neft istehsalçısı olaraq qalacaq".