YƏMƏNDƏ ÖLƏN KİMDİR, QAZANAN KİM? - Cavid İSMAYIL yazır 4-cü- son yazı
19 Sentyabr 16:04 SiyasətSöz ardı
Yəməndə müharibə davam edir. Siyasi xəritə dəyişir, hərbi mövqelər bir-birinin ardınca əldən çıxır, xarici qüvvələrin hesablamaları yenilənir. Amma bu savaşın ən ağır nəticəsi dəyişmir.
Evlər dağılır. İnsanlar köçür. Uşaqlar aclıqla üzləşir. Gənclər müharibəyə gedir. Bir xalqın gələcəyi isə geosiyasi hesablamaların arasında parçalanır.
Bu gün Yəməndə baş verənlər artıq yalnız bir ölkənin daxili müharibəsi deyil. Mokhanın ələ keçirilməsi, Mayun və Perim istiqamətində irəliləyiş, Haniş adalarının tutulması və Səudiyyəyə qarşı hücumların intensivləşməsi Bab əl-Məndəb ətrafında yeni geosiyasi reallıq yaradır.
Eyni vaxtda Türkiyə-Pakistan-Səudiyyə müdafiə sazişi yeni regional təhlükəsizlik xəttinin əsasını qoyur. Yunanıstanın Egey adalarında hərbi fəallığı da həmin dövrdə diqqət çəkir. Bunların hamısını vahid mərkəzin planı kimi təqdim etmək üçün sübut olmasa da, onların eyni geosiyasi mərhələdə üst-üstə düşməsi çox ciddi sual doğurur.
Zənnimcə qarşımızda bir-birindən ayrı hadisələr deyil, Türkiyənin yüksələn regional roluna müxtəlif istiqamətlərdən verilən fərqli reaksiyalar dayanır.
Bu mənzərədə əsas sual artıq yalnız "Yəməndə kim ölür?" deyil. Əsas sual Türkiyənin ətrafında yeni təhlükəsizlik xəritəsi formalaşarkən kimlər bundan faydalanır, kimlər narahat olur və kimlər bu yeni güc balansının yaranmasına mane olmaq istəyir?
Bəlkə də Yəmən böhranının daha geniş geosiyasi dərsi məhz buradadır. Onilliklər boyu müxtəlif güc mərkəzlərinin rəqabət meydanına çevrilən bir coğrafiyada sabitlik yalnız kənardan verilən təhlükəsizlik təminatları ilə qurula bilməz. Regional dövlətlərin öz təhlükəsizlik imkanlarını yaratması, qarşılıqlı müdafiə mexanizmləri qurması və strateji qərarlarında daha çox müstəqillik əldə etməsi yeni mərhələnin əsas tələblərindən birinə çevrilir. Türkiyənin yüksələn regional rolu da bu baxımdan yalnız Ankaranın güclənməsi deyil, Yaxın Şərqdə təhlükəsizlik münasibətlərinin dəyişməsi kimi qiymətləndirilməlidir.
Əgər bu proses davam edərsə, gələcəyin Yaxın Şərqində yalnız böyük güclərin qərar verdiyi deyil, regional dövlətlərin də öz təhlükəsizlik sistemlərini qurduğu yeni bir geosiyasi nizam yarana bilər. Türkiyənin dünya miqyasında artan nüfuzu da məhz belə bir dəyişimin mühüm göstəricilərindən birinə çevrilə bilər.
Amma son sual yenə də dəyişmir - Yəməndə ölən kimdir, qazanan kimdir? Ölənin kim olduğu bəllidir - Yəmənli. Bəs bu müharibədən kimlər faydalanır?
Bəlkə də bu sualın cavabı hələ tam yazılmayıb. Çünki müharibələrdə ən böyük qazanc bəzən ərazi əldə etmək deyil, yaranmış yeni vəziyyətdən siyasi, hərbi və iqtisadi üstünlük qazanmaqdır. Burada söhbət təkcə bir ölkədən və ya bir güc mərkəzindən getmir. Söhbət münaqişəni öz maraqları üçün istifadə edən, onun yaratdığı qeyri-sabitlikdən təsir imkanlarını genişləndirən və regional təhlükəsizlik boşluğundan faydalanan müxtəlif aktorlardan gedir.
Yəmən isə bizə daha bir acı həqiqəti xatırladır. Müharibənin atəşini çox vaxt yerli insanlar daşıyır, amma onun hesabını böyük güclər aparır.
Lakin bu mənzərədən çıxan nəticə yalnız dağıntı və itkilərin təsviri ilə məhdudlaşmamalıdır. Yəmən böhranı həm də göstərir ki, regionun gələcəyi xarici güclərin rəqabətindən asılı vəziyyətdə qala bilməz. Regional dövlətlər öz təhlükəsizlik imkanlarını artırmalı, qarşılıqlı əməkdaşlıq mexanizmləri yaratmalı və strateji qərarlarında daha çox müstəqillik əldə etməlidirlər. Türkiyənin yüksələn rolu da məhz bu yeni mərhələ baxımından əhəmiyyətlidir. Onun qarşısında duran əsas məsələ yalnız gücünü artırmaq deyil, bu gücü regional sabitliyə, təhlükəsizlik əməkdaşlığına və uzunmüddətli sülhə necə çevirməkdir.
Və tarix yenə eyni sualı qarşıya qoyur. Bir ölkənin coğrafiyası onun sərvətidirsə, həmin coğrafiyanın sahibi öz gələcəyinə özü qərar verə bilmədikdə, o sərvət nə vaxtsa onun ən böyük bəlasına çevrilə bilərmi?!