Həsən Həsənov: Jurnalistlər tarixi məsələlərdə daha məlumatlı olmalıdır
14:53 SiyasətOlaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda tarix elmləri doktoru Həsən Həsənov deyib.
O bildirib ki, jurnalistlər Azərbaycanın tarixi ilə bağlı məsələlərdə daha məlumatlı olmalı və bu istiqamətdə mövcud tarixi mənbələri yaxşı bilməlidirlər.
Həsən Həsənov qeyd edib ki, erməni tarixşünaslığında Qafqaz Albaniyasının Kür və Araz çayları arasındakı ərazilərinin Ermənistan tarixi ilə əlaqələndirilməsi istiqamətində yanaşmalar mövcuddur. Onun sözlərinə görə, bu iddiaların tarixi mənbələr əsasında araşdırılması və cəmiyyətə çatdırılması vacibdir.
Tarixçi bildirib ki, erməni tarixşünaslığının tanınmış nümayəndələrindən biri əsərlərində Albaniyanın sərhədləri ilə bağlı məlumatlara rast gəlinir. O qeyd edib ki, həmin mənbələrdə Albaniyanın əraziləri şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə isə indiki İrəvan ətrafı ərazilər istiqamətində göstərilir.
Həsən Həsənov vurğulayıb ki, bu kimi tarixi məlumatların jurnalistlər tərəfindən öyrənilməsi və ictimaiyyətə düzgün çatdırılması mühüm əhəmiyyət daşıyır.
"44 günlük müharibədə əlində silah olan döyüşçü idi. İndi informasiya müharibəsi gedir. Əlinə qələm alan döyüşçüdür. O da siz jurnalistlərsiniz", - deyə tarixçi bildirib.
O, həmçinin Azərbaycan tarixinin əsaslılığını təsdiq edən çoxsaylı mənbələrin olduğunu qeyd edib.
"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi", - deyə Həsən Həsənov vurğulayıb.
Tarixçi bildirib ki, Azərbaycan tarixinin əsaslılığını təsdiq edən mənbələr mövcuddur və həmin mənbələrin beynəlxalq səviyyədə tanıdılması istiqamətində iş aparılmalıdır.
"Burada bir şey var. Bizdə olan mənbələr ermənilərdə yoxdur. Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər, özləri də buna inanırlar, sonradan dünyanı da inandırmağa çalışırlar. Bizdə tarix də var, mənbə də var, amma nə özümüzü inandıra bilmişik, nə də dünyanı", - deyə Həsən Həsənov bildirib.