TDT ölkələri üçün ən vacib məsələlərdən biri təhlükəsizliyin etibarlı qorunmasıdır- ÖZƏL

"Çox da əvvəlki dövrlərə getməyə lüzum yoxdur. XX və XXI əsrlərdə dövlətlərin tarixi təcrübəsi göstərir ki, hər hansı bir ölkənin təhlükəsizliyinin qorunması qapalılığı, məxfiliyi, inkişafı isə açıqlığı, geniş əməkdaşlığı tələb edir. Siyasətçilər, müvafiq sahənin alimləri sual edirlər ki, bəs o zaman birinci yerdə nə gəlir? Bunların ikisinin "qızıl ortası" necədir? Onları necə uzlaşdırmaq olar?" "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis sədrinin müavini Musa Qasımlının sözlərinə görə, Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təhlükəsizliyə məsul şəxslərini qəbul zamanı etdiyi çıxışında bir sıra məsələlərə prinsipial  aydınlıq gətirdi:  "Dedi ki, ətrafımızda müharibələrin getdiyi və nə vaxt bitəcəyi bilinməyən indiki şəraitdə TDT ölkələri üçün ən vacib məsələlərdən biri təhlükəsizliyin etibarlı qorunmasıdır. Təhlükəsizlik etibarlı qorunmasa vətəndaş evində rahat yaşaya bilməz, deməli, sabitlik və inkişaf da olmaz. İlk növbədə, TDT ərazisindən təkcə ölkələrimiz deyil, daha geniş coğrafiya, dünya üçün mühüm rol oynayan enerji və nəqliyyat yolları, dəhlizlər keçdiyindən onların təhlükəsizliyini qorumaq həyati əhəmiyyət kəsb edir. 
       Sabitsizliyin hökm sürdüyü, sabaha ümidin olmadığı ölkəyə  heç bir xarici investor sərmayə yatırmaz. Sabitliyin olması və təhlükəsizliyin üst səviyyədə qorunması investisiyaların, texnologiyaların və innovasiyaların gəlməsi, deməli, inkişaf deməkdir.  İnkişaf bilavasitə sabitlik və təhlükəsizliklə bağlıdır. İnkişaf da təhlükəsizliyin etibarlı qorunmasına kömək edir. Deməli, başlıca yerdə sabitlik və  təhlükəsizliyin qorunması gəlir.
      Amma təhdidlər təkcə fiziki deyil, ideoloji xarakter də daşıdığından, düşmən dairələr türk ölkələrini daxildən zəiflətməkdən, cəmiyyətlərin müqavimət gücünü sarsıtmaqdan ötrü müxtəlif yollarla yad adət-ənənələri, baxışları yaymağa çalışdıqlarından  təhlükəsizliyin qorunması təkcə dövlət qurumlarının vəzifəsi deyil, həm də hər bir vətəndaşın borcudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31