İlham Əliyevdən İslam əleyhdarlarına xəbərdarlıq
11:33 Siyasət"Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərində otursunlar"
Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfərə imza ataraq ərazi bütövlüyü və suverenliyini tam təmin etməklə bölgədə və dünyada yeni reallıqlar yaradıb. Məhz bu reallıqlar regional və beynəlxalq qlobal məsələlərin həllində ölkəmizi söz sahibinə çevirib. Artıq dünyanın yeni düzəmində əhəmiyyətli siyasi və iqtisadi məsələlərin həllində Azərbaycan təşəbbüslə çıxış edir, təkliflər irəli sürür. Nüfuzlu beynəlxalq təşkilatların fəaliyyətindən tutmuş gec sahibi olan dövlətlərin müstəmləkəçilik siyasətinə qədər bütün məsələlərin çözümündə öz sözünü deyir. Elə Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar fikrimizi bir daha təsdiqləyir.
Azərbaycanın beynəlxalq əhəmiyyətinin artması onun münaqişələrin, siyasi mübarizələrin neytrallaşdığı məkana çevrilməsinə şərait yaradıb. Artıq ölkəmiz dünyada sülh, əminamanlıq, dayanıqlı iqtisadi inkişaf, rifah və ən nəhayət multikulturalizm ideyalarını təbliğ edən ölkə kimi tanınır. Paytaxt Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısında müxtəlif dinləri təmsil edən nümayəndələrin iştirakı bunun əyani sübutudr. Prezident İlham Əliyevin sözügedən görüşdə də müxtəlif dinləri təmsil edən nümayəndələrin bir araya gəlməsində Azərbaycanın xüsusi rolunun olmasını xatırlatması heç də təsadüfi deyildi: "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir".
Etiraf edək ki, Azərbaycan daim təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda sülh və əminamanlıq, qardaşlıq, həmrəylik kimi ideyaları dəstəkləyib və buna nail olmaqdan ötrü əlindən gələni edib. Ölkəmiz təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Lakin buna baxmayaraq müxtəlif qütblərə bölünmüş dini cərəyanların daşıyıcıları buna əngəl törətməyə çalışıblar. Məhz bu kimi məkirli niyyətin nəticəsidir ki, dünyada islamafobiya meyilləri güclənməkdə davam edir. Prezident İlham Əliyev hesab edir ki, belə halların qarşısını almaq üçün İslam həmrəyliyi vacib şərtdir: "Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik".
Lakin Azərbaycan İslam həmrəylinin təmin olunması məqsədilə həyata keçirdiyi tədbirlər, irəli sürdüyü ideya və təşəbbüslərlə kifayətlənmək niyyətində deyil. İslam dünyasına qarşı davam edən "Səlib yürüşü"nün təsirsiz ötüşməsi, müsəlman dövlətlərinin parçalanmasının qarşısının alınması, xüsusən, İslam dininə zərbə vurulmasının zərərsizləşdirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsini faydalı sayır. Dövlət başçısının dünyaya verdiyi "Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin" mesajı ölkəmizin İslam həmrəyliyinə nə qədər önəm verdiyini sübut edir: "Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik. Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir".
Azərbaycanın Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi, onları bir araya gətirən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımlar məlumdur. Eyni məqsəd, eyni amal İslam ölkələrinin də həmrəyliyinə xidmət edir. Qətiyyətlə demək olar ki, ölkəmiz milli həmrəyliyə, Türk dünyasının, İslam aləminin birliyinə nail omaq üçün töhfələrini davam etdirəcək.
Alim Hüseynli