"Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır"
11:31 Siyasətİlham Əliyev: "Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır"
İstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra dərhal yenidənqurma və bərpa işlrinə start verib. Məqsəd doğma yurdlarına qayıdacaq soydaşlarımızın illərlə həsrətini çəkdikləri ata-baba ocağında rahat və əminamanlıq şəraitinda yaşamalarını təmin etməkdir. Elə bu məqsədlə də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. Proqramın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıtmasıdır. Bu çərçivədə mənzil, yol, elektrik, su, qaz, rabitə, məktəb və digər sosial infrastrukturun yaradılması istiqamətində layihələr həyata keçirilir. Qayıdış prosesi yalnız evlərin tikintisi ilə məhdudlaşmır, insanların işlə təmin olunması, sosial xidmətlərə çıxışı və iqtisadi fəaliyyətin bərpası da proqramın mühüm istiqamətlərindəndir.
Bəli, faktdır ki, azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təşkili məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib. 2024-cü il sentyabrın 19-da Xankəndinə səfəri çərçivəsində Prezident İlham Əliyevin Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışına qatılması, yeni təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşü, onların önündə çıxışı isə Xankəndinin həyatında əsl dönüş mərhələsinin başlanması kimi yadda qaldı. Qarabağ Universitetinin qapıları 36 ildən sonra azərbaycanlı tələbələrin üzünə açıldı. Bununla da Xankəndinə ilk köç başladı.
Məhz görülən bu işlər vətəndaşlarımızın öz evlərinə qayıtdıqdan sonra daha rahat yaşamasına hesablanıb. Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb, məcburi köçkünlərin Vətən həsrətinə son qoyulur və uzun illərdən sonra evlərinə geri dönürlər. Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdan həmvətənlilərimiz üçün hər cür yüksək şərait yaradılıb, onların bütün məsələlərinə, eləcə də məşğulluq siyasətinə yüksək dəstək verilir. Hər həftə işğaldan azad olunmuş ərazilərə geri qayıdan ailələrin sevinclərini görürük. Xalqımızın sevincin səbəbkarı isə Prezident, Müzəffər Ali Baş Komandanın iradəsi və Rəşadətli Azərbaycan Ordusunun şücaətidir.
Ancaq etiraf edək ki, soydaşlarımızın öz doğma yurdlarına qayıdışı elə də asan başa gəlməyib. Azərbaycan heç bir beynəlxalq maliyyə qurmunun dəstəyini qörmədən, yalnız öz daxili imkanları hesabına erməilər tərəfindən dağıdılaraq məhv edilmiş, yer üzərindən silinməş kənd və rayonların bərpasını təmin edib. Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev məhz bu barədə məlumat verib: "Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq".
Bəli, artıq işğaldan azad edilmiş ərazilərimizdə həyat qaynayır, yeni-yeni qəsəbələr, kəbdlər, ən əsası isə infrastruktur salınır. Şuşa, Ağdam, xankəndi kimi şəhərlər beynəlxalq tədbirlərin keçirildiki məkana çevrilib. Qürurla deyə bilərik ki, cəmi üç il ərzində Qarabağda 90 min insanın yaşayışı təmin edilib: "Əlbəttə ki, Qarabağa səfəriniz, yenə də deyirəm, çox maraqlı olacaq. Çünki siz dirçələn Qarabağı da görəcəksiniz. Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. "Böyük Qayıdış" Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq".
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Sentyabrın 10-da doğma yurduna yola salınan köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb. Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə köçən 154 nəfərdən ibarət 25 ailəyə mənzillərinin açarları təqdim edilib. Sentyabrın 15-də isə doğma yurduna yola salınan köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb. Bu mərhələdə Xocavənd şəhərində 135 nəfərdən ibarət 33 ailəyə, Qırmızı Bazar qəsəbəsində 44 nəfərdən ibarət 9 ailəyə, Quzeyxırman kəndində isə 41 nəfərdən ibarət 8 ailəyə mənzillərin açarları təqdim edilib. Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç edənlər isə respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə - 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə - 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə - 41 nəfər köçürülüb. Onu da qeyd edək ki, doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Yaşayış üçün lazım olan bütün infrastruktur yaradılıb, əhalinin məşğulluğunun təmin olunması istiqamətində müvafiq addımlar atılmaqda davam edir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.