Musiqi xalqımızın mənəvi sərvəti, milli kimliyimizin ən parlaq ifadələrindən biridir- ÖZƏL
10:39 Siyasət"Bu gün Milli Musiqi Günüdür. Musiqi xalqımızın mənəvi sərvəti, milli kimliyimizin ən parlaq ifadələrindən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Qədim muğamlarımızdan başlayaraq, klassik irsimiz, xalq mahnılarımız və müasir musiqi nümunələrimiz həm ölkəmizdə, həm də dünyanın dörd bir yanında Azərbaycan mədəniyyətini tanıdır, onu daha da ucaldır.
Üzeyir bəyin yaratdığı zəngin irs bu gün də hər birimizin qürur mənbəyidir. Onun əsərləri yalnız milli musiqimizin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin əbədiyyət simvoluna çevrilmişdir.
Bu əlamətdar gündə bütün sənətkarlarımıza, musiqi müəllimlərimizə, ifaçılarımıza və gənc istedadlarımıza yaradıcılıq uğurları arzulayır, xalqımıza isə daim musiqi dolu günlər diləyirəm. Milli Musiqi Günümüz mübarək olsun!"