İlham Əliyevin çıxışında səsləndirdiyi hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir
12:24 Siyasət"Azərbaycanın coğrafi mövqeyi, müasir infrastrukturu, yüksək təhlükəsizlik səviyyəsi, zəngin təcrübəsi və digər mühüm amillər qlobal miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirir. Ölkəmizin hazırda beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin, eyni zamanda, onların iştirakçılarının təmsil etdikləri ölkələrin sayında aydın görmək mümkündür. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Beynəlxalq tədbirlərin əhatə etdikləri sahələrə, mövzulara diqqət yetirdikdə ölkəmizin hər bir istiqamətdə zəngin təcrübəyə malik olduğu bir daha təsdiqlənir. Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünün və "İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar" mövzusunda I Beynəlxalq Konfransın keçirilməsi də özündə mühüm çağırışları ehtiva edir. Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Cənab İlham Əliyev çıxışında tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlardan, dünyanın ikili standartlara əsaslanan siyasətindən, Azərbaycanın sülh təcrübəsindən, hər zaman olduğu kimi hazırkı dövrdə də qarşıda dayanan hədəflərə nail olmaq üçün birliyimizin vacibliyindən, Türk dünyasının, İslam aləminin həmrəyliyinə ölkəmizin verdiyi töhfələrdən geniş bəhs edərək mövcud geosiyasi reallıqlarla bağlı mesajlarını verdi".
"Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib. Millət vəkili tədbirlərdə bir çox ölkələrdən dini liderlərin iştirakını xüsusi qeyd edib: "Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə yanaşı, Gürcüstanın, Suriyanın dini liderlərinin, Şimali Qafqaz respublikalarının nümayəndələrinin, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlərin iştirakı birliyin nümunəsidir. Cənab İlham Əliyev burada Azərbaycanın xüsusi rolu olduğunu bildirdi. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır. Məhz belə birgə tədbirlər dostluq, qardaşlıq əlaqələrimizi gücləndirir, dünyaya çox mühüm mesajlar verir. Dövlətimizin başçısı Azərbaycanın İslam aləminin birliyinə töhfələrindən də geniş bəhs etdi. Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələrin fonunda Azərbaycanda belə bir konfransın keçirilməsi, müxtəlif ölkələrin dini liderlərinin bir araya gəlməsi birliyin nə qədər vacib olduğunu təsdiqləyir. Bu mesajların Azərbaycandan verilməsi isə ölkəmizin birləşdirici aktor kimi möhkəmlənən mövqeyini bir daha nümayiş etdirir. Belə ki, ölkəmizin balanslaşdırılmış xarici siyasəti beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sülh və sabitliyin təminatçısı rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirildi. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul etdik.
Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi də təsadüfi deyil. Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Cənab İlham Əliyev Zirvə Görüşünün çox mühüm nəticələri olacağına, həmçinin o vaxta qədər bəzi müsəlman ölkələri arasında gedən proseslərin, anlaşılmazlığın, bəzi hallarda toqquşmaların başa çatacağına əminliyini ifadə etdi. Bu çağırışı etdi ki, öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik".
Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısının hər bir çıxışında 30 illik işğal dövrünün reallıqlarına xüsusi diqqət yönəldilir: "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər zaman əsas çağırışlar sırasındadır. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra bu imkanlar daha da genişlənib. Belə ki, paytaxt Bakı ilə yanaşı, azad Qarabağımız və azad Şərqi Zəngəzurumuz da iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Həmçinin ölkəmizdə keçirilən tədbirlərin iştirakçılarının azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir. Onlara reallıqları daha yaxından görmək imkanları yaradılır. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bu məqamları önə çəkərək bildirdi ki, konfrans iştirakçıları Qarabağa gedərək həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını, eyni zamanda, bu gün dirçələn Qarabağın yeni simasını görəcək. Bu torpaqlar 30 il ərzində Ermənistanın işğalı altında idi. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı şəhərində qanlı soyqırımı törədilmişdir. Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır. 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu. Bu torpaqlara 30 ildən sonra qayıdanda viran qoyulmuş şəhərləri, kəndləri, sökülmüş evləri, talanmış milli sərvətlərimizi, dağıdılmış məscidləri gördük. Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan, donuz, inək saxlayırdı. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq".
Malik Həsənov bildirib ki, cənab İlham Əliyevin çıxışında səsləndirdiyi hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir. "Bizim birliyimiz hər birimizi gücləndirəcək" çağırışını edən cənab İlham Əliyev onu da vurğuladı ki, çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq".