Şakir Ağayev: “Azərbaycan Türk və İslam aləminin güc mərkəzinə çevrilməsində aparıcı rola malikdir” – ÖZƏL
15:35 SiyasətPrezident İlham Əliyevin 15 sentyabr 2026-cı ildə Bakıda beynəlxalq konfrans iştirakçıları ilə görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasəti, Türk dünyası və İslam ölkələri ilə münasibətləri, eləcə də Qarabağdan sonrakı siyasi gündəm baxımından nə vəd edir? Səsləndirilən fikirlər hansı siyasi və geosiyasi mesajları özündə ehtiva edir?
"Prezident İlham Əliyev dünənki çıxışda bir çox mühüm məsələlərə toxundu və eyni zamanda Türk dünyası, Qafqaz, İslam aləminin həmrəyliyinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, gələn il Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. Azərbaycan ümumiyyətlə Türk dövlətləri birliyinin yaranmasında və güclənməsində istisna rola malikdir. Ölkə Prezidenti parlament çıxışında da bildirdi ki, "Bu bizim evimizdir, bu bizim ailəmizdir. Biz eyni kökə, eyni mənşəyə malikik". Və bu gün həmin siyasət davam etdirilir. Azərbaycan daim İslam dövlətləri ilə də sıx təmasda olub. Azərbaycan İslam dövlətləri birliyində daim bu birliyin möhkəmlənməsi, bu birliyin ortaq xətlərinin, siyasətinin formalaşması və birliyin beynəlxalq aləmdə söz sahibi olmasında aparıcı rol oynayıb, çox güclü diplomatik gedişlər edib və həmişə yeni, novator ideyalar irəli sürüb. Bu məsələdə Azərbaycan hər zaman birliyin möhkəmlənməsi istiqamətində təşəbbüslərlə çıxış edib. Azərbaycanın xarici siyasəti necə ki, bugünə qədər bu təməllər, bu prinsiplər üzərində aparılıb, bu gün də Prezidentin çıxışından göründü ki, həmin istiqamətin davam etdiriləcəyi və daha da gücləndiriləcəyi qeyd edildi. Bu, sözsüz ki, ölkə xarici siyasətinin, ölkə diplomatiyasının qarşısında bir növ həmin vəzifələrin təsdiqi və daha da inkişaf etdirilməsi üçün verilən bir siqnal idi.
Ekspertin fikrincə, bu, Qarabağdan sonrakı siyasi gündəm baxımından da əhəmiyyətlidir. Əslində, Türk dövlətləri, İslam dövlətləri, sözsüz ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, xüsusilə mədəniyyət, idarəetmə, tarixi abidələrin, İslam irsinin qorunması baxımından daha yaxşı, daha mütəşəkkil şəkildə iştirak etməlidirlər. Ölkə Prezidenti eyni zamanda bu siqnalı verirdi ki, biz Ermənistanın vandalizminə qarşı, erməni vandallığına qarşı birgə mübarizə aparmalıyıq. Prezident çıxışında, işğal müddətində İslam irsinin, məscidlərin necə dağıdıldığını, İslam mədəniyyətinin necə məhv edildiyini qeyd etdi. Bu, həmin dövlətlərin Azərbaycanla birgə addım atmasına, Azərbaycanın haqq səsini birgə müdafiə etməsinə bir növ çağırış idi. Eyni zamanda, artıq formalaşmaq üzrə olan yeni dünya nizamında İslam ölkələrinin, Türk dövlətlərinin bir güc mərkəzində birləşməsi və bir güc mərkəzi kimi çıxış etməsi baxımından da bir mesaj idi. Yəni bu dövlətlər nə qədər bir olarsa, Türk dövlətləri birliyi - onların hamısı eyni zamanda İslam dövlətləridir - və İslam dövlətlərinin təmsilçiliyi Türk Dövlətləri Təşkilatı ilə birlikdə olarsa, yeni dünya nizamında söz sahibi olar və bu dövlətlərin maraqları daha çox təmin olunar.
Səidə Ramazanova