Sözdə sülhdən, "Real Ermənistan"dan dəm vuranlar...- ÖZƏL

"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura 22-ci səfərlərinə kollektiv (kilsə, müxalifət, kütlə, elita və hakimiyyət) hay reaksiyası həm düşündürücü, həm də xəbərdarlıqedicidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahıb Alıyev deyib: "Görəsən, bunlar doğrudanmı Azərbaycanın sülh təklifini, normal qonşuluq əlaqəsi qurmaq istəyini etdikləri vəhşilikləri, mərdiməzarlıqları, alçaqcasına davranışlarını, törətdikləri soyqırımları, dinc soydaşlarımızın - qızlarımızın, gəlinlərimizin, uşaq və ahıllarımızın başlarına gətirdiklərini unutmağa çalışmağımız, yaxu da onları bağışlamağımız kimi qiymətləndirirlər?! Bəlkə, orada elə bilirlər ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başımıza gətirdiklərini heç zaman unutmayacağımız haqda dəfələrlə səsləndirdiyi bəyanat sadəcə hakimiyyətin mövqeyidir? Əgər Ermənistanda bu deyilənlə bizim dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək istəyimiz arasında bir ziddiyyət görürlərsə, yumşaq desək, maarifləndirilməlidirlər. Özləri dərk etmirlərsə, başa salmalıyıq ki, bütün bu addımlar  yenə də hansısa gücün əlində alət olmamaları üçün atılır.
Yəqin siz də razılaşarsınız ki, 7 iyunda keçirilən parlament seçkilərində o boyda təzyiqlərə rəğmən 29 mandat qazanaraq ikinci yerə çıxan bloka rəhbərlik edən Samvel Karapetyan deyirsə ki, onlar yiyəsiz yaşaya bilməzlər, mütləq yiyələri olmalıdır, bu, artıq sadəcə həmin adamın özünün milli ləyaqət hissindən məhrumluğundan xəbər vermir. 
Onu bildiyimizdən haqq etməsələr də, biz Ermənistanın bir az da olsa müstəqil dövlətə çevrilməsi üçün  gərəkən dəstəyi verməli, hətta bəzən onların özlərindən daha çox buna çalışmalıyıq. Sadəcə kimliklərini və etdiklərini unutmamaq şərti ilə!
 Əgər unudacağıqsa və törətdikləri vəhşilikləri bağışlayacağıqsa, onda indiyədək başımıza gətirdiklərindən daha betərinə haqq edirik!
Onların əcnəbi diplomatların Şuşadakı rəqslərinə, Ağdərə və Kəlbəcərdə alban monastırlarına baş çəkmələrinə verdikləri reaksiyada xəbərdarlıqedici əlamətin də olduğunu bildirmişdim. Xəbərdarlıqedici məqam isə ondan ibarətdir ki, Ermənistanda hakimiyyətli-müxalifətli heç kim, o sıradan da kilsə və toplum ikinci Qarabağ savaşından və sonra baş verənlərdən hələ düzgün nəticə çıxarmayıb. Onlar düzgün nəticə çıxarmış olsa idilər, hər iki tərəfdən böyük itkilərə yol açan konfliktin təşəbbüsçüsü kimi çıxış etdiklərinə, torpaqlarımızı 30 il işğal altında saxladıqlarına, 900-ə yaxın yaşayış məskəninin üstünü altına çevirdiklərinə, törətdikləri soyqırımına, digər vəhşiliklərə görə bizdən üzr istəməli idilər. Həm dövlət, həm də toplum olaraq. Bu isə yoxdur. Əvəzində alban abidələrinin olduğu kimi təqdiminə qəzəbli reaksiya var. 
Reaksiyaları onu göstərir ki, aralarında sözdə sülhdən, "Real Ermənistan"dan dəm vuranlar olsa da, onlar yenə də Azərbaycan torpaqlarını işğal etmək xülyası ilə yaşayırlar. Hər şey açıq-aydın ortada ola-ola məhz buna görə utanıb-qızarmadan Gəncəsərlə Xudavəng monastırlarının albanların deyil, hayların olduğunu iddia edirlər. 
Təkrarlayırıq, demək ki, son bir neçə ildə üzləşdikləri itki və rüsvayçılıq onlar üçün dərs olmayıb, revanşizm haqqında düşünürlər. Və o düşünənlərin niyyətləri yenidən Azərbaycan torpaqlarını ələ keçirməkdirsə,  "qulaqlarının dibini görərlər" yazmayacağam. Çünki heç qulaqlarının dibini də görməyəcəklər! Niyə görməyəcəklərini isə izah etməyə ehtiyac duymuram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31