Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərini hədəfə almaq qəbuledilməzdir- ÖZƏL

"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində və revanşist dairələrdə göstərilən reaksiyalar bir daha bu ölkədə sülhə və regionda yaranmış yeni reallıqlara qarşı olan yanaşmaları ortaya qoyur". "Olaaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərini hədəfə almaq, onların fəaliyyətinə təzyiq göstərməyə çalışmaq qəbuledilməzdir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır.

Diplomatik nümayəndələrin Qarabağa səfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin artıq reallığa çevrildiyini bir daha göstərir. Bu reallığı qəbul etmək əvəzinə təhdid və revanşist çağırışların səsləndirilməsi isə regionda sülh və etimad mühitinə xidmət etmir.

Digər tərəfdən, tarixi və mədəni irsin siyasiləşdirilməsi də ciddi narahatlıq doğurur. Gəncəsər, Xudavəng və digər tarixi abidələrin yalnız bir tərəfin irsi kimi təqdim olunması, Qafqaz Albaniyası irsinin siyasi məqsədlərlə təhrif edilməsi tarixə və elmi həqiqətlərə hörmətsizlikdir.

Azərbaycan öz ərazisindəki tarixi və mədəni abidələri onların dini və etnik mənsubiyyətindən asılı olmayaraq qoruyur və bərpa edir. Eyni münasibəti Qərbi Azərbaycanda xalqımıza məxsus məscidlərə, qəbiristanlıqlara və digər tarixi irs nümunələrinə münasibətdə görmək istərdik.

Ermənistan parlamenti rəhbərliyinin Azərbaycan ərazisinə səfər edən diplomatlara münasibəti də təəssüf doğurur. Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli açıqlamalar və 2022-ci il hadisələrinin siyasi gündəmə gətirilməsi sülh prosesinin ruhuna uyğun yanaşma təsiri bağışlamır.
Azərbaycan sülhə, təhlükəsizliyə və regional əməkdaşlığa sadiqdir. Bunun üçün Ermənistan da revanşist ritorikadan, tarixi saxtalaşdırma cəhdlərindən və Azərbaycanın suverenliyinə qarşı yanaşmalardan uzaqlaşmalıdır.
Bu gün regionda yeni reallıq var. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Ermənistanın gələcəyi də məhz bu reallığı qəbul etməkdən və qonşu dövlətlərin suverenliyinə hörmət göstərməkdən keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31