Diplomatların səfərlərini “təxribat” kimi təqdim etmək əsassızdır”- ÖZƏL

"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan mediasının bir sıra resurslarında verilən reaksiyalar regionda formalaşmış yeni reallıqları qəbul etməməyin növbəti nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın diplomatik nümayəndənin iştirakı təsadüfi deyil. Xarici diplomatların bölgəyə səfəri onların Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mövcud reallıqla yerində tanış olmalarına imkan yaradır. Səfər çərçivəsində Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və sosial-iqtisadi inkişaf prosesi nümayiş etdirilib.

Ermənistan mediasının səfəri "işğal olunmuş Artsax" və "işğal olunmuş Şuşa" kimi təqdim etməsi isə yalnız siyasi ritorikadır və beynəlxalq hüquqi reallığı dəyişmir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bütün ərazisində bərpa edib. Bu reallıq artıq diplomatik təmasların və beynəlxalq nümayəndələrin bölgəyə səfərlərinin praktikasında da öz əksini tapır.

Xüsusilə diqqətçəkən məqam erməni mediasının xarici diplomatların Şuşa və digər ərazilərdəki səfərini tənqid etməsi və ayrı-ayrı diplomatları hədəfə çevirməsidir. Diplomatik nümayəndələrin Azərbaycanın ərazisində səfər etməsi onların suveren Azərbaycan dövlətinin ərazisində legitim fəaliyyətidir. Buna görə də bu səfərləri "təxribat" kimi təqdim etmək əsassızdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31