Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsidir- ÖZƏL
13:50 Siyasət"Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti ilə görüşdə mühüm mesajlar verdi. Bu mesajlardan biri Türk dünyası ilə Qafqazın bir-birindən ayrı geosiyasi məkanlar deyil, tarixi və mədəni baxımdan bir-birini tamamlayan coğrafiyalar kimi təqdim edilməsidir". Bunu "Olaylar"a açıqlamasında hüquqşünas Alim Hüseynli deyib: "Prezident Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi olduğunu vurğulayaraq ölkənin bu iki məkan arasında xüsusi mövqeyinə diqqət çəkdi: "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır".
Qafqaz Albaniyası, Qəbələ və Atabəylər dövlətinin paytaxtı Naxçıvanla bağlı tarixi istinadlar da bu yanaşmanın siyasi-mədəni əsaslandırılması kimi çıxış edir. Beləliklə, Azərbaycanın Türk Dövlətləri Təşkilatında yeganə Qafqaz dövləti olması yalnız təşkilati fakt kimi deyil, daha geniş tarixi və geosiyasi kontekstin tərkib hissəsi kimi təqdim edilir. Göründüyü kimi Prezident İlham Əliyevin işlətdiyi "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur" ifadəsi ölkənin xarici siyasətində Türk dövlətləri ilə inteqrasiyaya və birliyə verilən önəmi əks etdirir. Bu ifadə Azərbaycanın milli-mənəvi dəyərlərinə, ortaq köklərə və Türk birliyinin gücləndirilməsi strategiyasına sadiqliyinin rəmzi kimi qəbul olunur".