Prezident çıxışında ölkənin İslam dünyasının intellektual və mənəvi tarixindəki yerinə diqqət çəkir- ÖZƏL

"Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Ölkə rəhbərinin səsləndirdiyi fikirlər mahiyyət etibarilə yalnız dini liderlərlə görüş çərçivəsində qiymətləndirilə biləcək mesajlarla məhdudlaşmır. Çıxışda Azərbaycanın Türk dünyası, İslam coğrafiyası və Qafqaz arasında yerləşən geosiyasi və mədəni mövqeyi, ölkənin regional əməkdaşlıqdakı rolu, Qarabağ münaqişəsindən sonrakı mərhələ və Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi bir-biri ilə əlaqəli şəkildə təqdim olunur. Bu baxımdan çıxışın əsas siyasi xəttini Azərbaycanı müxtəlif regional və sivilizasion platformalar arasında əlaqələndirici aktor kimi təqdim etmək məqsədi təşkil edir.

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısının Seyid Yəhya Bakuvi irsinə həsr olunmuş beynəlxalq konfransla eyni vaxtda keçirilməsi də bu baxımdan təsadüfi seçim kimi təqdim edilmir. Prezidentin yanaşmasında tarix, mədəniyyət, din və müasir diplomatiya vahid məntiq daxilində birləşdirilir. XV əsrdə yaşamış Seyid Yəhya Bakuvinin irsinə müraciət etməklə Azərbaycan yalnız öz milli-mədəni yaddaşını xatırlatmır, eyni zamanda ölkənin İslam dünyasının intellektual və mənəvi tarixindəki yerinə diqqət çəkir. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Füzuli kimi şəxsiyyətlərin ardıcıl şəkildə xatırlanması isə Azərbaycanın mədəni kimliyinin çoxəsrlik və çoxqatlı xarakterini önə çıxaran mühüm narrativdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31