Haylar Prezidentin dediyi sözlərin nə anlam daşıdığını bilsələr pis olmaz- ÖZƏL
12:03 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri və Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından ibarət heyətlə görüşdə dediyi sözlərin nə anlam daşıdığını, törətdikləri vəhşiliklərə görə hələ də bizdən üzr istəməyənlər, əksinə, özlərini yenə incidilmiş, haqsızlığa uğramış kimi göstərənlər bilsələr pis olmaz: "Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Yaxın günlərdə xarici diplomatların Şuşada rəqs etmələrini narazılıqla qarşılayanlar, buna görə özlərini təhqir olunmuş sayanlar bütövlükdə hay toplumu- Azərbaycan Prezidentinin elə həmin şəhərdə, 2023-cü il iyulun 21-də I Şuşa Qlobal Media Forumunda bu söylədiklərini və daha sonra baş verənləri unutmamalıdırlar: "İşğal dövründə törədilən dağıntılar, vəhşiliklər və şəhərlərimizin yerlə-yeksan edilməsi təkcə keçmiş rejimlərin deyil, həm də bütövlükdə bu siyasəti dəstəkləyən və seyr edən erməni cəmiyyətinin, yəni erməni xalqının məsuliyyətidir".
O zaman da, elə bu gün keçirilən qəbulda da vurğulandı ki, bütün bunlara rəğmən Azərbaycan ordusu onlara qarşı eyni hərəkətləri etmədi, mülki əhaliyə toxunmadı, düşmənin şəhər və kəndlərinin altını üstünə çevirmədi, qisasını sadəcə döyüş meydanında aldı. Amma bir daha diqqətlərinə çatdırırıq ki, bu, heç də onların bağışlandığı demək deyil. Əgər hay toplumu elə düşünürsə ki, törətdikləri vəhşiliklərə görə hələ də üzr istəməmələrinin üstündən keçəcəyik, çox yanılırlar. Üzr istəyəcəklər, üzr istədiləcəklər!"