“Hraparak”: Ermənistanda güc strukturları seçki proseslərinə müdaxilə edir – ÖZƏL
11:05 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Hraparak" qəzetinin yazdığına görə, güc strukturları istər ümumdövlət, istərsə də yerli özünüidarəetmə seçkilərində hakimiyyətin xeyrinə proseslərə cəlb olunub. Müxtəlif icmalardan daxil olan məlumatlara əsasən, müxalif namizədlər təzyiq və hədələrlə üzləşirlər. Şəxs namizədlik üçün polis bölməsindən arayış götürdüyü andan etibarən yerli məmurlar və hüquq-mühafizə orqanlarının nümayəndələri profilaktik söhbətlər və eyhamlarla həmin şəxsi namizədliyini geri götürməyə vadar edirlər. Eyni zamanda, nüfuzlu şəxsləri hakim "Vətəndaş Müqaviləsi" (VM) partiyasının tərəfinə çəkmək üçün intensiv iş aparılır.
Məhz bu təzyiqlərin nəticəsidir ki, 4 min seçicisi olan Tumanyan icmasında seçkilər müxalifətin iştirakı olmadan keçiriləcək. Burada yalnız bir qüvvə - "VM" partiyası və onun namizədi, hazırkı icma rəhbəri Suren Tumanyan mübarizə aparır. Qeyd olunur ki, Suren Tumanyan 5 il əvvəl Aram Sarkisyanın "Respublika" partiyasından qalib gəlsə də, hazırda hakim partiyanın tərəfinə keçib.