Yeni sanksiyalar və Ukraynaya 15 milyardlıq yardım: Cəbhədə güc nisbəti dəyişəcəkmi?- ÖZƏL

ABŞ Nümayəndələr Palatasının Prosedur Komitəsi Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanun layihəsini dəstəkləyərək (7 lehinə, 3 əleyhinə) Palatanın umumı müzakirəsinə təqdim edib. Yayda Senatdan keçən sənəd Rusiya ilə ticarət edən üçüncü ölkələrə dərəcəli sanksiyaları nəzərdə tutur. Eyni zamanda, Demokratlar qanun layihəsinə Ukraynaya 15 milyard dollarlıq hərbi yardımın ayrılması bəndini də əlavə ediblər. Sənəd üzrə yekun səsvermənin yaxın günlərdə baş tutacağı gözlənilir.

Rusiya ilə ticarət edən üçüncü ölkələri və regionu nə gözləyir? Ukraynaya edilən hərbi yardım məbləği cəbhədəki güc nisbətini dəyişə bilərmi?

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:

" Rusiya ilə münaqişə başlayan ildən (2022-ci il) Avropa Birliyi ölkələri, habelə institutları Ukraynaya 130 milyard dollardan yuxarı kredit ayırıblar. Bu məbləğin təxminən 70 milyard dolları Ukrayna büdcəsinin müharibə ilə bağlı ehtiyaclarının ödənilməsinə, sosial sferaya, büdcə işçilərinin, o cümlədən hərbçilərin, tibb işçilərinin, hərbi-sənaye kompleksində çalışanların əmək haqlarının ödənilməsinə, qalan 62 milyard dolları isə Ukraynanın müharibə nəticəsində sıradan çıxmış infrastrukturunun bərpasına, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin ehtiyaclarından doğan problemlərin həllinə, ABŞ-a məxsus "Patriot" raketlərinin alınmasına, Ukraynada hərbi təyinatlı silah zavodlarının tikilməsinə, dron və reaktiv pilotsuz təyyarələrin istehsalına və s. ayrılıb. Bu qədər nəhəng məbləğdə maliyyə dəstəyinə baxmayaraq, rəsmi Kiyev Rusiya tərəfindən alınmış torpaqların geri alınmasına nail olmayıb.
Hazırda Avropa Birliyinin ayırmaq istədiyi 15 milyard avro məbləğində kreditlə də Ukrayna cəbhədə ciddi dönüşə nail ola bilməyəcək. Bu məbləğ cəbhədə vəziyyətin kardinal şəkildə Ukraynanın xeyrinə dəyişməsinə səbəb olmayacaq, sadəcə cəbhədə vəziyyətin stabil qalmasına dəstək olacaq.
Bundan əlavə, ayrılmış vəsaitlərin müəyyən hissəsi Zelenskinin yüksək vəzifələrə təyin etdiyi məmurlar tərəfindən mənimsənilib. Bu günlərdə adı korrupsiya qalmaqallarında hallanan baş prokurorun istefa verməsi deyilənlərə sübutdur.
Ukrayna 15 milyard avroluq məbləğlə cəbhədə strateji təşəbbüsü ələ ala bilməz, yalnız arxa cəbhənin problemlərinin müəyyən bir qisminin öhdəsindən gələ bilər.
ABŞ Nümayəndələr Palatasının Rusiya ilə ticarət əməliyyatlarını aparan üçüncü ölkələrə münasibətdə ticarət sanksiyalarını tətbiq edə biləcəyi ilə bağlı xəbərdarlığına gəlincə, bu, "stəkan­da fırtına" effektindən başqa bir şey doğurmayacaq. Rusiyanın BRİKS təşkilatına daxil olan və ya onda müşahidəçi statusu ilə təmin olunmuş ölkələrlə ticarət mübadilələrini uzun zamandır yerli valyutalarla uğurla aparması buna bariz sübutdur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31