Bakının işğaldan azad edilməsi ilə türkün ayaq səsləri türk torpaqlarında eşidildi- ÖZƏL
17:07 SiyasətTəqvimin 15 sentyabr günü Azərbaycan tarixi üçün son dərəcə əhəmiyyətli bir gündür. Çünki məhz bu tarixdə Sentrokaspi Diktaturası ləğv edilərək ona dəstək verən xarici qüvvələrə qarşı ciddi müqavimət göstərilib. Bu müqavimət Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun qətiyyəti nəticəsində baş tutub.
Məhz bu Ordunun qətiyyətinin nəticəsi idi ki, tarix boyu türk-Azərbaycan qüvvələri həlledici üstünlüyə yiyələndi və Britaniya qoşunları məcbur oldu ki, Bakını tərk etsinlər. Bakının işğaldan azad edilməsi türkün ayaq səslərinin türk torpaqlarında eşidilməsi demək idi. Məhz bundan sonra Türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi ki, ardınca həmin bu paradın, bu ənənənin davam etdirilməsi Türk millətinin qətiyyətinin göstəricisidir.
Azərbaycanın siyasi, iqtisadi və strateji mərkəzinin işğaldan azad edilməsi Cümhuriyyətin dövlət quruculuğunda yeni bir mərhələnin açıldığından xəbər verir. Biz şəhidlər verərək, Azərbaycan-Türkiyə qardaşlığını, dostluğunu dünyaya nümayiş etdirərək tarixin bu qızıl səhifəsini yazmağı bacardıq.
Eynilə bu gün də Azərbaycanla Türkiyə arasında koordinasiyalı fəaliyyət ortaya qoyulur. Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın məhz belə bir tarixdə Azərbaycana səfəri, Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi, Xarici İşlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransının keçirilməsi, bu konfrans zamanı həm regional proseslərə toxunulması, həm də dünyada baş verən proseslərin dəyərləndirilməsi ondan xəbər verir ki, Azərbaycan və Türkiyə siyasətində mütəmadi məsləhətləşmələr aparılır.
Məhz elə bu addımlar bir daha ondan xəbər verir ki, Azərbaycan və Türkiyə arasında olan münasibətlər dünya səviyyəsində bənzəri olmayan münasibətlərdir.
İki ölkənin təmasları müntəzəm olaraq həyata keçirilir. Hakan Fidan Ukrayna müharibəsinə və bunun arealının genişləndirilməsinə cəhd göstərildiyinə diqqət çəkdi və bu istiqamətdə Türkiyə müharibəni və münaqişəni Qara dəniz ətrafına yaymamaq üçün qətiyyətli addımlar atdı. Ukrayna müharibəsində Türkiyənin rolu və atdığı addımların miqyası danılmazdır.
Türkiyə Yaxın Şərqdə də önəmli aktorlardan biridir. Bu istiqamətdə Türkiyənin fəaliyyəti Yaxın Şərqin qan gölünə çevrilməsinin qarşısını alır. Cənubi Qafqaza sülh gətirilməsində Türkiyə konkret addımlar atır. Ölkələrimiz arasında Şuşa Bəyannaməsinin mövcudluğu iki ölkə liderlərinin baxışlarını əks etdirir. Bu, bir daha ondan xəbər verir ki, dövlətlər, dövlət başçıları və xalqlar, millətlər arasında inkişaf, tərəqqi bütün sahələri əhatə edir. İqtisadi layihələr gündən-günə artır. Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin Azərbaycana müntəzəm qaydada səfərləri baş tutur. Bu faktın özü özlüyündə bir hadisədir. Bu baxımdan Hakan Fidanın 15 sentyabr səfəri həm Azərbaycan-Türkiyə münasibətlərinin mövcud durumunu dəyərləndirmək baxımından önəmlidir, həm də dünyada gedən proseslərin yenidən dəyərləndirilməsi baxımından səfər son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq