Bəhruz Quliyev: “Ermənistan keçmişin siyasi ritorikasını təkrarlamaqdan əl çəkməlidir” – ÖZƏL
15:25 SiyasətQərbi Azərbaycan İcması Ermənistanın Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura son səfərinə verdiyi reaksiyanı pisləyib və bunu ölkəmizin suverenliyinə açıq hörmətsizlik kimi qiymətləndirib. İcmanın bəyanatında bildirilir ki, İrəvanın bu addımı sülh prosesinə zərbə vurur, daxili işlərə müdaxilədir və Ermənistanın sülhdə səmimi olmadığını göstərir. Qeyd olunub ki, erməni tərəfi əsassız iddialar irəli sürmək əvəzinə, Ermənistan ərazisindəki Azərbaycan mədəni-tarixi irsinin dağıdılmasına və təhrif edilməsinə son qoymalıdır.
Bəs Ermənistanın diplomatik korpusun Qarabağ səfərinə reaksiyası nə ilə bağlıdır? İrəvanın belə açıqlamaları Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərə bilər? Diplomatik korpusun Qarabağa səfərinə etiraz beynəlxalq hüquq baxımından əsaslıdırmı?
"Ermənistanın diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyası əslində İrəvanın Qarabağ məsələsinə münasibətində psixoloji və siyasi stereotiplərdən hələ də tam xilas olmadığını göstərir. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150-yə yaxın nümayəndənin iştirakı Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi tədbirin miqyasını göstərir.
Burada əsas məsələ ondan ibarətdir ki, Ermənistan hələ də Azərbaycanın Qarabağ üzərində suverenliyini siyasi mübahisə predmeti kimi təqdim etməyə çalışır. Halbuki diplomatik nümayəndələrin Azərbaycan ərazisinə səfərinin Ermənistanın razılığı ilə heç bir əlaqəsi yoxdur".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, Azərbaycan öz ərazisində xarici diplomatları qəbul etmək və onlara ölkədə gedən prosesləri yerində göstərmək hüququna malikdir. İrəvanın bu cür reaksiyaları sülh prosesinə də müsbət təsir göstərə bilməz. Əksinə, hər dəfə "Qarabağ" məsələsini yenidən gündəmə gətirmək, Azərbaycanın daxili məsələlərinə münasibət bildirmək və revanşist ritorikanı gücləndirmək qarşılıqlı etimadı zəiflədir. Qərbi Azərbaycan İcmasının da vurğuladığı kimi, bu yanaşma sülh və normallaşma prosesinə xələl gətirə bilər.
"Hesab edirəm ki, beynəlxalq hüquq baxımından bu məsələ kifayət qədər aydındır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində Qarabağ və Şərqi Zəngəzura xarici diplomatların səfərinin təşkil edilməsi Azərbaycanın suveren hüququdur. Buna etiraz etmək üçün Ermənistanın hüquqi əsasdan daha çox siyasi arqumentlərə söykənməsi diqqət çəkir. Məncə, İrəvan keçmişin siyasi ritorikasını təkrarlamaq əvəzinə, gələcəyə baxmalıdır. Əgər məqsəd həqiqətən davamlı sülh və normallaşmadırsa, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlər artıq mübahisə mövzusu deyil, yeni regional reallığın təməlidir. Ermənistan da bu reallığı qəbul etdikcə sülh prosesi daha sürətli və dayanıqlı xarakter ala bilər. Əks halda sülh prosesi gecikə bilər", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova