Milli iradənin təntənəsi-20 sentyabr- ÖZƏL
12:50 Siyasət"20 sentyabr Azərbaycan tarixində milli iradənin təntənəsini ifadə edən əlamətdar günlərdən biridir. Bu tarix həm də Qarabağın dörd şəhərinin - Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin taleyində yeni mərhələnin başlanğıcı kimi yadda qalıb"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Azərbaycanın ərazilərinin uzun illər işğal altında qalması ölkənin həyatında dərin izlər buraxmışdı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də bu işğalın ağır nəticələrinə məruz qalan yaşayış məntəqələri sırasında idi. Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpa olunması Qarabağın gələcəyi üçün yeni mərhələ yaratdı. Lakin bölgədə qanunsuz silahlı birləşmələrin mövcudluğu və separatçı rejimin fəaliyyəti Azərbaycanın suverenliyinin tam təmin olunmasına imkan vermirdi.
Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, Qarabağda uzun illər davam edən işğala, separatizmə və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 20-i ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Elə buna görə də 20 sentyabr həm də Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Dövlət başçısının müvafiq Sərəncamında 2023-cü il sentyabrın 20-də ölkənin bütün ərazilərində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi vurğulanır.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Bu mühüm hadisə xüsusi rəmzi məna daşıyır. Çünki Qarabağda üçrəngli bayrağın dalğalandırılması ölkənin ərazi bütövlüyünün və suverenliyinin təsdiqi olmaqla yanaşı, xalqımızın uzun illər davam edən arzusunun reallaşması demək idi. Dövlətimizin başçısı çıxışında qeyd edib: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır".
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində qazanılan şanlı Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib. Paradda Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti, hərbi texnikası və silah sistemləri nümayiş etdirilib. Bu möhtəşəm tədbir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalqımızın tarixi Qələbəsinin və dövlətimizin hərbi qüdrətinin nümayişi kimi böyük əhəmiyyət daşıyır".