Qarabağda üçrəngli bayrağımızın dalğalanması qürurvericidir- ÖZƏL

"Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin tarixində yeni mərhələnin əsasını qoyub. 20 sentyabr tarixi o baxımdan yalnız hərbi-siyasi hadisə kimi deyil, Qarabağda yeni həyatın formalaşmasına yol açan tarixi dönüş kimi qiymətləndirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu günün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması həmin mənəvi-siyasi gerçəkliyin dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "30 ildən artıq davam edən işğal dövründə Qarabağın şəhər və kəndləri dağıdılmış, yaşayış infrastrukturu məhv edilmiş, yüz minlərlə insan doğma yurdlarından didərgin salınmışdı. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazilərinin böyük hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında isə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması ölkəmizin tarixi Zəfərinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının əyani ifadəsi olmaqla yanaşı, işğal və separatizm dövrünün başa çatdığını nümayiş etdirdi. Qarabağda üçrəngli bayrağımızın dalğalanması xalqımızın uzun illər ərzində daşıdığı tarixi arzunun gerçəkləşməsi, həmin ərazilərdə yeni həyatın və quruculuq mərhələsinin başlanması baxımından böyük siyasi və mənəvi məna daşıyır.

Qarabağda müşahidə olunan mənzərə Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir. Dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, yeni yollar salınır, elektrik, qaz, su və rabitə infrastrukturu yaradılır, məktəblər, tibb müəssisələri, inzibati və sosial obyektlər inşa olunur. Bu ərazilərdə insanların təhlükəsiz, rahat və layiqli həyat sürməsi üçün hərtərəfli şərait yaradılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31