Qarabağda dalğalanan üçrəngli bayrağımız milli gücümüzün əzəmətli nümayişidir- ÖZƏL
10:53 Siyasət"20 sentyabr ölkəmizin ərazi bütövlüyünün və milli həmrəyliyin təntənəsini ifadə edən əlamətdar tarixlərdən biridir. Həmin gün, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin taleyində yeni mərhələnin başlanğıcını simvolizə edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər Qarabağın böyük hissəsinin işğaldan azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələnin başlanmasına şərait yaratdı. Lakin 2023-cü ilin sentyabrına qədər bölgədə mövcud olan qanunsuz silahlı birləşmələr və separatçı rejim Azərbaycanın suverenliyinin tam təmin olunmasına mane olurdu.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin bərpasını təmin etdi. Bununla da uzun illər ərzində ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri - ərazi bütövlüyünün tam bərpası reallığa çevrildi. Məhz bu tarix Azərbaycan dövlətinin öz ərazisində konstitusiya quruluşunu və qanunun aliliyini təmin etməsinin, separatizmin və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulmasının təcəssümüdür.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Üçrəngli bayrağın Qarabağda dalğalanması xalqımızın onilliklər boyu davam edən arzusunun gerçəkləşməsi ilə yanaşı, dövlət suverenliyinin təsdiqinə çevrildi. Bu məqsədin reallaşması uzun illər ərzində aparılan ardıcıl siyasi, diplomatik, iqtisadi və hərbi fəaliyyətin məntiqi nəticəsi idi.
Qarşıda duran əsas vəzifə azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıdışının təmin olunması və bu ərazilərin ölkənin sosial-iqtisadi həyatına tam inteqrasiyasıdır. Bu baxımdan Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması həmin şəhərlərin müasir tarixində baş verən fundamental dəyişikliklərin ifadəsidir. Bu gün Qarabağda müasir şəhərsalma prinsiplərinə əsaslanan, sosial xidmətlərə əlçatanlığın təmin edildiyi, nəqliyyat və kommunikasiya infrastrukturu ilə təmin olunan, iqtisadi fəallıq və məşğulluq imkanları yaradan yeni yaşayış məkanları formalaşdırılır.
Böyük Qayıdışın mahiyyəti məhz burada özünü daha aydın göstərir. İnsanların doğma torpaqlarına qayıtması prosesin başlanğıcıdır. Həmin ərazilərdə davamlı həyatın qurulması isə əsas məqsəddir. Məktəblərin, bağçaların, tibb müəssisələrinin, yolların, enerji və kommunikasiya xətlərinin yaradılması, sahibkarlıq və məşğulluq imkanlarının genişləndirilməsi qayıdışın uzunmüddətli xarakterini təmin edir. Qarabağın gələcəyi yalnız yaşayış məkanlarının deyil, eyni zamanda təhsil, elm, mədəniyyət, iqtisadiyyat və sosial həyatın inkişaf etdiyi bütöv bir regionun formalaşdırılması üzərində qurulur. Bir tərəfdə onilliklər ərzində davam edən işğalın, məcburi köçkünlüyün və dağıntıların ağır izləri, digər tərəfdə isə yenidən qurulan şəhərlər, bərpa olunan kəndlər, fəaliyyətə başlayan təhsil müəssisələri, çəkilən yollar və doğma torpaqlarına qayıdan insanlar var.
Xankəndidə tələbələrin təhsil alması, Xocalıda keçmiş məcburi köçkünlərin doğma şəhərlərinə qayıtması, Xocavənd kəndlərində yeni məskunlaşmaların həyata keçirilməsi, Ağdərədə inzibati və sosial həyatın formalaşdırılması eyni prosesin - Böyük Qayıdışın müxtəlif təzahürləridir. Beləliklə, 20 sentyabr tarixi dövlət suverenliyinin tam bərpasını, Qarabağda qanunun aliliyinin təmin edilməsini, Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yeni inkişaf yoluna çıxmasını özündə birləşdirir.
Qarabağda yeni həyatın qurulması Azərbaycanın tarixi yaddaşını qorumaqla yanaşı, gələcəyə inamla və aydın baxışla irəlilədiyini nümayiş etdirir. Bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, insanların doğma yurdlarına qayıdışı, müasir yaşayış və sosial mühitin formalaşdırılması 20 sentyabrın yalnız tarixi hadisə deyil, həm də Azərbaycanın dövlətçilik iradəsini, suverenliyini və gələcəyə hesablanmış inkişaf baxışını ifadə edən əlamətdar gün olduğunu göstərir. Zaman keçdikcə bu tarixi günün mahiyyəti, onun daşıdığı milli və dövlətçilik dəyərləri gələcək nəsillərin yaddaşında yaşayacaqdır".