Artıq gəlir əldə etməyin əsas mənbəyi işləmək olmayacaq- ÖZƏL

Sİ intellektual işi, Robotlar isə fiziki işi əvəz edəcək

"ABŞ-da süni intellekt yaradan və inkişaf etdirən şikətlərin nümayəndələrinin belə bir fikri var ki, 5 ilə Süni İntellekt bütün insanların cəmi intellektini keçəcək. 10 ilə isə fiziki işlərdə Robotlar xeyli paya sahib olacaqlar. Bu, həm heyranlıqdır, həm də qorxu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu reallıq Yer kürəsindəki bütün nizamı dəyişəcək. Amma biz məsələnin iqtisadi tərəfinə toxunmaq istərdik. Əvvəla, qeyd edim ki, mövcud iqtisadi sistemin 3 əsas institutu var: Əmək , Gəlir və Pul. 
Gəlir əldə etmək üçün işləmək lazımdır, istehlakı tənzimləmək üçün isə pul lazımdır. Sadə desək, bu günkü iqtisadiyyat belə işləyir: Əmək-Maaş-İstehlak. Əgər Sİ intellektual işi, Robotlar isə fiziki işi əvəz etsə, o zaman istehsal üçün insan əməyinə ehtiyac azala bilər. Yəni, iqtisadiyyat daha çox məhsul istehsal edəcək (böyüyəcək), amma bunun üçün az insan əməyinə ehtiyac duyacaq. 
Yəni, yeni iqtisadiyyatda gəlir əldə etməyin əsas mənbəyi artıq işləmək olmayacaq. Bu gün baha və uzun müddətə başa gələn məhsulları Sİ çox ucuz, qısa müddətə və bol sayda istehal edə biləcək. 
Bəs onda insanlar gəliri hardan əldə edəcəklər? Bu gün gəlirin əsas mənbəyi maaş, sahibkarlıq və kapitaldan əldə edilir. Amma Süni İntellekt məhsuldarlığı yüksəldərsə, o zaman əldə edilən gəlirin böyük hissəsi Sİ-tə, robotlara, Data Mərkəzlərinə və kapitala sahib olanlara çatacaq. 
Bu isə istehlak baxımından ciddi problemlər yarada bilər. Yəni, əgər insanlarda pul yoxsa, o zaman istehsalın məhsuldarlığının artmasının bir iqtisadi mənası qalmır. Çünki, istehlak azalacaq. İstehlak olmasa, onda iqtisadi bolluq kimə lazım?
Demək, istehlakı dəstəkləmək üçün insanlara pul vermək lazım olacaq. Bu yerdə, dövlətin rolu meydana çıxır. Dövlət, Süni İntellektin yaratdığı yüksək məhsuldarlığın bir hissəsini əhaliyə ötürəcəkdir. Vergilər, ödənişlər, icazələr və s. vasitəsilə gəlirlərin yenidən bölüşdürülməsini həyata keçirəcəkdir. 
Amma bu artıq, XX əsrin iqtisadiyyatında olduğu kimi, minimum əmək haqqı, minimum yaşayış həddi və s. kimi formasında deyil, Yüksək Gəlir formasında həyata keçirilə bilər. Daha yüksək gəlir əldə etmək istəyənlər isə əsl intellektual işlərlə məşğul olacaqlar.
Pul isə bugünkü iqtisadiyyatdakı mərkəzi rolunu qismən itirə bilər. Çünki, yeni iqtisadi sistemdə çox şeyə sahib olmaq üçün bu qədər pula ehtiyac olmaya bilər. Süni İntellekt bu gün xeyli vəsait tələb edən xidmətləri (hüquqi məsləhət, həkim məsləhəti, fərdi müəllim, taksi xidmətləri, dizayn, istehsal, loqistika və s.) çox ucuz təklif edə biləcəkdir. 
Sənaye iqtisadiyyatında əsas defisit resurs kapital idi. XX əsr iqtisadiyyatında isə əmək və bilik idi. Sİ iqtisadiyyatında isə həm əmək, həm də bilik çox ucuz və boldur. Defisit olan isə yalnız kapital ola bilər. 
Yeni iqtisadiyyatın əsas problemi artıq nə və necə istehsal edək deyil, istehsal etdiklərimizi necə bölüşdürmək olacaqdır. Bunun üçün isə ciddi datalara, davranış və ekonometrik modellərə ehtiyac olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31