Zəngəzur dəhlizi Naxçıvana nə qazandıracaq?- İqtisadçıdan açıqlama- ÖZƏL

Prezidentin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na dəyişiklik edilib. Dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracını stimullaşdırmaq üçün müxtəlif güzəştlərin tətbiqi qiymətləndiriləcək. Sahibkarlara dəstək mexanizmləri genişləndiriləcək, yerli məhsulların bazarlara çıxışını sürətləndirmək və daşıma xərclərini azaltmaq üçün məqsədli logistik dəstək tədbirləri görüləcək.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlama verib:

" Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadiyyatında struktur dəyişikliklərinə səbəb ola bilər. Bu gün Naxçıvanın əsas problemlərindən biri onun Azərbaycanın əsas iqtisadi məkanından quru yoluyla təcrid olunması və nəqliyyat xərclərinin yüksək olmasıdır. Dəhlizin istifadəyə verilməsi isə bu məhdudiyyəti aradan qaldıraraq Naxçıvanı Azərbaycan, Türkiyə və daha geniş Avropa bazarları arasında birbaşa quru nəqliyyat xəttinə çıxara bilər. Bu, həm məhsulların daşınma müddətini qısaldar, həm də logistika xərclərini aşağı sala bilər.
Naxçıvanın yalnız tranzit əraziyə çevrilməsi isə iqtisadi baxımdan yetərli nəticə olmazdı. Əsas məqsəd tranzit imkanlarından istifadə etməklə burada istehsal, emal, anbar, qablaşdırma və logistika fəaliyyətlərini genişləndirmək olmalıdır. Yəni dəhliz Naxçıvan üçün sadəcə avtomobillərin və yük maşınlarının keçdiyi yol deyil, həmin nəqliyyat axınının yaratdığı əlavə iqtisadi dəyərin regionda qalmasına imkan verən istehsal-logistika sistemi formalaşdırmalıdır. Bunun üçün logistika terminalları, anbar kompleksləri, yükdaşıma və gömrük infrastrukturu, sənaye və emal müəssisələri paralel inkişaf etdirilməlidir.
Türkiyə və Avropa bazarlarına çıxışın asanlaşmasından ilk növbədə daşınması nisbətən sürətli və rəqabətqabiliyyətli olan kənd təsərrüfatı və qida məhsulları, meyvə-tərəvəz, qurudulmuş və emal olunmuş ərzaq məhsulları, mineral sular, yüngül sənaye və tikinti materialları istehsal edən müəssisələr faydalana bilər. Naxçıvanın coğrafi xüsusiyyətləri nəzərə alınaraq kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və brendləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki xammalın sadəcə satılması ilə müqayisədə emal olunmuş məhsulun ixracı regionda daha çox gəlir və məşğulluq yarada bilər.
Lakin dəhlizin açılması öz-özlüyündə istehsalı avtomatik artırmayacaq. Burada əsas məsələ sahibkar üçün logistikanın ucuzlaşması ilə yanaşı, investisiya mühitinin yaxşılaşdırılması, maliyyə imkanlarının genişləndirilməsi, enerji və su təminatı, sənaye infrastrukturu və ixrac prosedurlarının sadələşdirilməsidir. Prezidentin sərəncamında nəzərdə tutulan güzəştlər və məqsədli logistik dəstək məhz bu mexanizmlərlə əlaqələndirilərsə, daha ciddi nəticə verə bilər.
Xüsusilə ilkin mərhələdə nəqliyyat subsidiyaları, ixrac xərclərinin qismən kompensasiyası, güzəştli kreditlər, investisiya təşviqləri və sənaye-logistika zonalarında əlverişli şərtlər sahibkarların risklərini azalda bilər. Bu da yeni müəssisələrin yaradılmasını və mövcud istehsalın genişləndirilməsini sürətləndirə bilər. Amma güzəştlər uzunmüddətli və seçimsiz subsidiyaya çevrilməməlidir. Dəstək real istehsal, ixrac, yeni iş yerləri və əlavə dəyər yaradan layihələrə bağlanmalıdır.
Ən mühüm məsələ Naxçıvanın dəhlizin yaratdığı tranzit üstünlüyünü yerli iqtisadiyyata çevirməsidir. Əgər yük sadəcə Naxçıvandan keçib gedəcəksə, əsas gəlir tranzit xidmətlərindən formalaşacaq. Əgər həmin yük axını ətrafında anbar, emal, qablaşdırma, logistika, istehsal və ixrac infrastrukturu qurularsa, Naxçıvan regional istehsal və logistika mərkəzinə çevrilə bilər. Bu baxımdan Zəngəzur dəhlizi Naxçıvan üçün sadəcə nəqliyyat layihəsi deyil, düzgün siyasət aparıldığı halda iqtisadi modelin dəyişdirilməsi üçün ciddi imkan yaradır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31