Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı" (bundan sonra - Dövlət Proqramı) təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31