İrəvan üçün Ukrayna ssenarisi: Qərbin yardımları Ermənistanı xilas etməyə yetəcəkmi? – ÖZƏL

Politoloq Armen Badalyan Nikol Paşinyanın Moskva səfəri zamanı üç seçimlə üz-üzə qalacağını bildirib: Rusiyanın şərtlərini qəbul etmək, "yox" deyərək təcrid olunmaq və ya 1 milyard avro tapmaq. Ekspertin sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması və Rusiya bazarının bağlanması halında dəymiş zərəri qarşılamaq üçün ən azı 1 milyard avro lazımdır. Avropa İttifaqının ayırdığı 80 milyon avro bu tələbatı ödəmir. Badalyan vurğulayıb ki, Paşinyan bu pulu Türkiyə və ya Aİ-dən tapa bilsə belə, bu məbləğ problemi yalnız bir illik həll edəcək və sonra proses yenidən təkrarlanacaq.

"Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarsa, bu, onun üçün ciddi iqtisadi çətinliklər yarada bilər. Nəzərə alaq ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə, daha Avropa İttifaqına üzv ola bilməyəcək və burada kifayət qədər ciddi problemlərlə üzləşiləcək. Bu da Ermənistan iqtisadiyyatına mənfi təsir göstərə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Qarabağ klanının hakimiyyəti dövründə Ermənistan tamamilə Rusiyanın iqtisadi asılılığında idi. Konkret şəkildə desək, həm Avrasiya İqtisadi Birliyinin üzvü kimi, həm də ikitərəfli münasibətlər zəminində Rusiya Ermənistan iqtisadiyyatına ciddi təsir göstərirdi. İndi birdən-birə bundan imtina etmək kifayət qədər ciddi problemlər yaradacaq. Əlbəttə ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması sadəcə hansısa bir təşkilatdan çıxış deyil. Bu, eyni zamanda, Rusiya ilə iqtisadi əlaqələrin pozulmasına gətirib çıxara biləcək bir addımdır. Yəni Paşinyan hökuməti bunu da hesaba qatmalıdır ki, Avrasiya İqtisadi Birliyindən çıxış Rusiyanın ümumilikdə bütün əlaqələrinin, xüsusilə də iqtisadi əlaqələrinin pozulmasına gətirib çıxara bilər. Buna görə Ermənistan hakimiyyəti davamlılığı qorumalıdır. Yəni təkcə hansısa bir ölkə ilə əlaqələrin qurulması və yaxud Avropa İttifaqının ayırdığı maliyyə yardımları hesabına ayaqda qalmaq mümkün deyil. Yeganə yol Avropa İttifaqına üzvlükdür. Lakin iqtisadiyyatı zəif olan Ermənistanın Avropa İttifaqı tərəfindən qəbul ediləcəyi də gözlənilən deyil.

Avropa İttifaqı Ukraynaya göstərdiyi dəstəyi Ermənistana göstərərmi? 

Bu, əlbəttə ki, çox böyük sual altındadır. Çünki Avropa İttifaqı heç Ukraynanın özünə real dəstək göstərmir, baxmayaraq ki, Ukrayna konkret müharibə şəraitindədir. Qaldı ki, Ermənistanın hansısa formada dəstəklənməsinə, bunun baş verəcəyinə inanmaq çox da inandırıcı deyil.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31