Qərbə yaxınlaşmağın bədəli: Aİ-nin açdığı qapılar Ermənistanı çöküşdən xilas edəcəkmi? – ÖZƏL
14:12 SiyasətErmənistan İqtisadiyyat Nazirliyi Rusiyanın erməni məhsullarına (gül, meyvə-tərəvəz, diri balıq və balıq məhsulları) tətbiq etdiyi idxal məhdudiyyətləri ilə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) rəsmi şikayət edib. Nazir müavini Tiqran Qasparyan Rusiyanın addımlarının Aİİ sazişlərinə zidd olduğunu və maneələrin təşkilatın daxili mexanizmləri ilə aradan qaldırılacağını gözlədiklərini bildirib.
Aİİ-nin şikayət mexanizmi Rusiyaya qarşı real nəticə verə bilərmi? Moskva bu məhdudiyyətlərlə İrəvana hansı siyasi mesajı verir?
"Rusiya Ermənistana iqtisadi və ticarət təzyiqləri göstərməklə rəsmi İrəvanın Qərbə yaxınlaşma siyasətindən imtina etməsinə nail olmağa çalışır. Kreml mesaj verir ki, Ermənistan seçim etməlidir: ya Rusiyanın orbitində qalmalı, Rusiya bazarlarına çıxışını davam etdirməli və Avrasiya İqtisadi İttifaqının imkanlarından faydalanmalıdır, ya da Qərbə inteqrasiya və yaxud Qərbə yaxınlaşma siyasətini davam etdirəcəksə, o zaman həm Rusiya bazarlarına çıxışdan məhrum edilməli, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki güzəştlərdən kənarlaşdırılmalıdır. Bu isə Ermənistan iqtisadiyyatına ağır və sarsıdıcı zərbələrin vurulması deməkdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bütün bunlar rəsmi İrəvanın yürütdüyü və yaxud yürüdəcəyi siyasətə hansısa formada, birbaşa və ya dolayısı ilə təsir göstərə bilər. Yaxın günlərdə Baş nazir Nikol Paşinyanın Moskvaya səfər edərək Vladimir Putinlə növbəti dəfə görüşəcəyi gözlənilir. Bişkekdə keçirilən Putin-Paşinyan görüşündə elə bir ciddi nəticələr əldə olunmadı və belə anlaşılır ki, digər məsələlərin və müzakirələrin Moskvada davam etdirilməsi qərara alınıb. Ancaq ümumi situasiya ondan ibarətdir ki, Rusiya və Ermənistan arasındakı danışıqların hansısa pozitiv nəticələr verə biləcəyi hələlik inandırıcı görünmür. Rəsmi İrəvan, təbii ki, mövcud situasiyaya görə bütün günahı və yaxud məsuliyyəti məhz Rusiyanın üzərinə yükləməyə üstünlük verir. Əslində də, böyük ölçüdə, bu məsələdə haqlıdır. Avrasiya İqtisadi İttifaqı çərçivəsində müəyyən anlaşmalar və sazişlər var və Rusiyanın hazırda Ermənistana tətbiq etdiyi embarqolar həmin anlaşmalarla ziddiyyət təşkil etmiş ola bilər. Rəsmi İrəvan da bundan siyasi məqsədlər üçün istifadə edir. Yəni, rəsmi İrəvanın Rusiyadan Avrasiya İqtisadi İttifaqına şikayət etməsi məhz siyasi xarakterli bir addımdır. Onlar Rusiyanın anlaşmalara zidd davrandığını qabartmağa çalışırlar. Təbii ki, bütün bunların Paşinyan hakimiyyətinin yürütdüyü xarici siyasətə necə təsir göstərəcəyi Ermənistan iqtisadiyyatının düşəcəyi vəziyyətdən asılıdır. Əgər Ermənistan iqtisadiyyatı çökmə mərhələsində daha ciddi problemlərlə üzləşərsə, o zaman rəsmi İrəvan hansısa mərhələdə geri çəkilmək məcburiyyətində qala bilər. Bunun baş verməməsi üçün Avropa İttifaqı artıq müəyyən addımlar atmağa başlayıb. Rusiya bazarlarından kənarlaşdırılan Ermənistan istehsalı olan məhsullar üçün Avropa bazarlarında qapılar açılmağa başlayıb. Gömrük rüsumları sadələşdirilir və bu da o deməkdir ki, Ermənistan üçün, müvəqqəti də olsa, şərait yaradılmağa cəhd göstərilir ki, Ermənistan Rusiyanın təsir dairəsindən mümkün qədər uzaqlaşa bilsin. Təbii ki, belə vəziyyətdə Ermənistanın Rusiyaya nə qədər müqavimət göstərəcəyi hələlik müəmmalı xarakter daşıyır. Çünki Qərbdən verilən dəstək indiki mərhələdə o qədər də yetərli deyil. Əgər Qərb Ermənistana dəstəyi bir qədər də artırarsa, o zaman ola bilər ki, Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşma siyasətində daha qətiyyətli addımlar da ata bilər.
Səidə Ramazanova