Azərbaycan Prezidenti İslam dünyasında yeni cığır açdı- ÖZƏL
13:57 Siyasət"Cənab Prezident İlham Əliyev illər ərzində sadəcə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində prinsipial mövqe nümayiş etdirmədi. Həm də ayrı-ayrı dövlətlərlə, habelə beynəlxalq təşkilatlarla Azərbaycanın əlaqələrinin genişləndirilməsi baxımından işlər ərsəyə gətirdi. Bu mənada önəmli məsələlərdən biri ondan ibarət idi ki, həm Qarabağın işğaldan azad olunması, həm də müharibədən sonra Zəfərin legitimləşdirilməsi baxımından beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirildi.
Biz həm də İslam həmrəyliyinin daimi və möhkəm olması üçün təxirəsalınmaz addımlar atdıq. Bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərimiz xüsusi diqqətə layiqdir." Bu sözləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:"35 illik zaman çərçivəsində Azərbaycan bir çox digər təşkilatlarda olduğu kimi, sözügedən təşkilat çərçivəsində də təşəbbüskar və məsuliyyətli mövqe nümayiş etdirdi. İstər Qoşulmama Hərəkatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatının nüfuzunun gücləndirilməsi baxımından əməli fəaliyyət ortaya qoymuşuq. Məhz bu əməli fəaliyyətin nəticəsidir ki, biz Zəfərimizi artıq tam anlamı ilə legitimləşdirməyi bacarmışıq.
Bu gün bərpa və quruculuq işləri Azərbaycanın qarşısında duran çağırışdır. Bu yolda Azərbaycanın yenidənqurma fəaliyyəti təqdir edilir. İslam dəyərlərinin Qarabağda qurulması və dünyada uca tutulması istiqamətində cənab Prezident İlham Əliyev demək olar ki, yeni bir yol müəyyənləşdirmiş və cığır açmışdır.
Bu baxımdan bütün İslam dünyasını Qarabağda törədilən vəhşilikləri görməyə, həmişə diqqətdə saxlamağa çağırır. Bugünkü reallıqda İslam həmrəyliyinin gücləndirilməsi olduqca vacibdir. Bu istiqamətdə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini daha da inkişaf etdirir.
Təşkilatla qurulan intensiv əməkdaşlıq İslam həmrəyliyinin gücləndirilməsinə, dinlərarası qarşılıqlı hörmətin və tolerantlığın dərinləşdirilməsinə xidmət edir."