Paşinyana Azərbaycanla sazişi imzalaması üçün hər cür şərait yaradılıb- ÖZƏL

"Rusiya prezidenti Putin Azərbaycan prezidenti İlham Əliyevə sentyabrın 7-də zəng edib. Telefon danışığının sentyabrın 5-də Moskvada Trampın xüsusi nümayəndələri ilə keçirilən görüşdən, təxminən, 1 sutka sonra baş tutması, əslində, söhbətin əsas məğzinin məhz bu görüşlə birbaşa əlaqəli olduğu qənaətini yaradır". "Olaylar" xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib: "Demək ki, Putinin Trampın xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşnerlə keçirdiyi görüşdə təkcə Ukrayna müharibəsi deyil, digər maraq zonaları, o cümlədən Cənubi Qafqazla bağlı məsələ də müzakirə masasında olub və əldə edilən razılaşmaların icrasında Azərbaycan tərəfinin də üzərinə hansısa missiya düşür.
Putin-Əliyev telefon danışığından dərhal sonra Ermənistan baş naziri Paşinyanın tələm-tələsik Fransa prezidenti Makronla görüşə, daha dəqiqi, məsləhətləşməyə yollanması da məsələnin konturları barədə ilkin təsəvvür yaradır. Ehtimal ki, Putin ABŞ-dakı 3 noyabr seçkilərinədək "uğur hekayəsi" yazmaq istəyən Trampın elçiləriylə "hazır qovluq" olan Azərbaycan - Ermənistan münasibətləri mövzusunda konkret razılaşma əldə edib, bu razılaşma barədə prezident Əliyev də məlumatlandırılıb və Paşinyanın Rusiyaya gözlənilən səfəri zamanı qərarın nədən ibarət olacağı geniş ictimaiyyətə açıqlanacaq.
 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun istər "TRİPP layihəsi", istərsə də Konstitusiya dəyişiklikləri ilə bağlı, bir növ, Paşinyana açıq təzyiq xarakterli açıqlamaları da təsdiqləyir ki, Azərbaycan tərəfi yekun sülh sazişinin imzalanmasının ləngidilməsində əsas təqsirkar kimi məhz Ermənistanı görür.  Yəni, Bayramovun bəyanatlarının açması budur ki, ABŞ və Rusiyaya sülh sazişinin tezliklə imzalanması gərəkdirsə, Paşinyanı razı salmalıdırlar.
Paşinyanın istəkləri isə böyükdür: o, həm ABŞ, həm də Rusiyanın iştirakıyla imzalanacaq sülh sazişini özünün gələcək hakimiyyət zəmanətinə çevirmək, Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir. 
Hələlik Paşinyana bu təminat verilməsə də, ona Azərbaycanla sazişi imzalaması üçün hər cür şərait yaradılıb. Onun gələcək siyasi rəqiblərinin bir hissəsi Azərbaycanda, bir hissəsi də Ermənistanda həbsxanada saxlanılırlar. Ermənistanda referendumun keçirilməsini isə indi Paşinyandan təkcə Azərbaycan yox, həm də Putin istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31