İran Zəngəzur dəhlizini kimə həvalə etmək istəyir? – Tehranın geosiyasi "qırmızı xətti"  – ÖZƏL

İran Zəngəzur dəhlizinin təhlükəsizliyinin Ermənistan ordusu və ya artıq Ermənistanda yerləşən üçüncü ölkənin hərbi qüvvələri tərəfindən təmin olunmasını istəyir. Tehran bununla ABŞ hərbçilərinin İran sərhədləri yaxınlığında yerləşdirilməsinin qarşısını almağa çalışır.

İranın Zəngəzur dəhlizinin təhlükəsizliyi ilə bağlı bu tələbinin əsas məqsədi nədir?
ABŞ hərbçilərinin dəhliz ətrafında mümkün iştirakı regionda təhlükəsizlik və geosiyasi balansı necə dəyişə bilər? 

"Təhlükəsizlikdən daha çox İranı bu regiona kimin gələcəyi və gələcəkdə hansı güc strukturunun bu bölgədə formalaşacağı maraqlandırır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Şərhçi bildirib ki, Zəngəzur dəhlizinin açılmasına ilk vaxtlardan Rusiya və İran ümumiyyətlə qarşı çıxırdılar. Lakin bugünkü gündə artıq başa düşülür ki, kimin nə qədər qarşı çıxmasından asılı olmayaraq, Zəngəzur dəhlizi işə salınacaq. Dəhlizin tikintisi və fəaliyyətə başlaması istiqamətində proses gedir. Bu istiqamətdə həm Ermənistan, həm də Azərbaycan tərəfindən iş aparılır və dəhliz açılmağa doğru gedir. Bugünkü gündə İranın bununla bağlı artıq əslində ciddi şəkildə nəyisə dəyişmək imkanları yoxdur. Sadəcə məsələ ondadır ki, İran öz təhlükəsizliyini bu regionda qorumaq istəyir və buna məcburdur. İran istəyir ki, bölgədə onun təhlükəsizliyinə zərər verməyəcək qüvvələr olsun. Yəni bu qüvvələr Ermənistanın öz silahlı qüvvələrinin nəzarəti altında olan qüvvələr olmalıdır. Çünki bildiyiniz kimi, Ermənistanın Sünik bölgəsi İranla quru sərhədə malikdir. Ona görə də həmin bölgədə üçüncü dövlətin və ya üçüncü tərəfin qüvvələrinin olması İran üçün arzuolunan deyil. Təbii ki, orada Ermənistanın öz qüvvələrinin olması İran üçün daha məqbul variantdır. Ancaq hansısa başqa bir ölkənin qüvvələrinin bölgədə olması məsələsi gündəmə gələrsə, İran üçün əsas narahatlıq ABŞ-nin bu regiondakı təsirinin və gücünün artması ilə bağlıdır. İran ABŞ-nin bölgədə olmasını ümumiyyətlə qəbul etmir və istəmir. Bunun bir neçə səbəbi var. ABŞ-nin həm kəşfiyyat, həm də hərbi baxımdan həmin ərazidə mövcudluğu İran üçün qəbuledilməzdir. Əgər ABŞ-nin hərbi qüvvələrinin bölgədə yerləşdirilməməsi ilə bağlı müəyyən razılaşma əldə olunarsa, İran bəzi məsələlərdə kompromisə gedə bilər. Əslində, yenə də əsas məsələ ABŞ-nin gücünün və hərbi qüvvələrinin orada olmamasıdır.

Ekspertin sözlərinə görə, İran üçün Ermənistanda üçüncü dövlətin qüvvələrinin mövcudluğu məsələsində Rusiya qüvvələrinin olması daha məqbul görünə bilər. Yəni açıq şəkildə demək olar ki, İran üçün bölgədə ABŞ və ya digər Qərb dövlətlərinin deyil, Rusiya qüvvələrinin mövcudluğu daha qəbulolunan variantdır. Eyni zamanda, İran Türkiyə və Azərbaycanın həmin bölgədəki təsirinin də azalmasını istəyir. Burada əsas məqsədlərdən biri də İranın Cənubi Qafqaz regionunda geosiyasi baxımdan öz mövqeyini və gücünü itirməməsidir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31