Qlobal enerji böhranı fonunda Azərbaycanın strateji üstünlüyü- ÖZƏL
15:39 SiyasətYaxın Şərqdə gərginliyin artması fonunda diqqətlər strateji əhəmiyyət daşıyan Hörmüz boğazına yönəlib. Boğazda mümkün uzunmüddətli məhdudiyyətlər qlobal neft və qaz bazarına təsir göstərə bilər.
Azərbaycan üçün isə vəziyyət nisbətən fərqlidir. Ölkənin nefti Bakı-Tbilisi-Ceyhan kəməri, qazı isə Cənub Qaz Dəhlizi, TANAP və TAP vasitəsilə alternativ marşrutlarla dünya bazarlarına çıxarılır. Bu baxımdan böhran Azərbaycanın enerji marşrutlarının strateji əhəmiyyətini və Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da önə çıxara bilər.
Hörmüz boğazında uzunmüddətli məhdudiyyətlər dünya enerji bazarında neft və qaz qiymətlərinə, eləcə də Azərbaycanın enerji gəlirlərinə necə təsir göstərə bilər? Belə bir vəziyyət Azərbaycanın alternativ enerji marşrutlarının və Avropaya qaz ixracının strateji əhəmiyyətini artıra bilərmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Hörmüz boğazında uzunmüddətli məhdudiyyət yaranarsa, ilk növbədə dünya neft bazarında ciddi təklif şoku formalaşa bilər və qiymətlər kəskin yüksələ bilər. Bu, Azərbaycanın ixrac etdiyi neftin qiymətinə də müsbət təsir göstərərək ölkənin neft gəlirlərini artıra bilər. Lakin qiymət artımının həddindən artıq olması qlobal iqtisadi artımı zəiflədə, tələbi azalda və nəticədə Azərbaycanın gəlirlərində gözlənilən artımı məhdudlaşdıra bilər.
Qaz bazarında da vəziyyət mürəkkəb ola bilər. Hörmüzdən keçən LNG həcmlərinin azalması Avropa və Asiyada qaz qiymətlərini yüksəldə bilər. Bu isə Azərbaycanın Avropaya boru kəməri ilə qaz ixracının rəqabət qabiliyyətini və strateji dəyərini artıra bilər. Azərbaycan qazının əsas üstünlüyü onun Hörmüzdən asılı olmayan marşrutlarla Avropaya çatdırılmasıdır.
Belə bir böhran Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi marşrutlarının əhəmiyyətini daha da artırar. Xüsusilə Avropa üçün enerji təchizatının şaxələndirilməsi prioritet olaraq qalırsa, Azərbaycan etibarlı alternativ təchizatçı kimi daha böyük əhəmiyyət qazana bilər.
Amma burada əsas məqam odur ki, Azərbaycanın imkanları da məhduddur. Mövcud kəmərlərin ötürmə qabiliyyəti və Azərbaycanın hasilat həcmi qlobal bazarda yaranacaq böyük boşluğu doldurmağa kifayət etmir. Buna görə Hörmüz böhranı Azərbaycana əlavə gəlir və strateji üstünlük qazandıra bilər, lakin ölkəni dünya enerji bazarındakı ümumi böhranın mənfi iqtisadi təsirlərindən tam sığortalamır".
Zeynəb Mustafazadə