Sahibə Qafarova Kolumbiya Universitetində çıxış edib

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarında işgüzar səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova  Kolumbiya Universitetində "Qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi: Parlament, davamlı inkişaf və Azərbaycanın iqlim gündəliyi" mövzusunda çıxış edib.

Milli Məclisin sədri çıxışında qlobal öhdəliklərin milli səviyyədə konkret siyasətə və fəaliyyətə çevrilməsinin vacibliyindən danışıb. O, bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri qlobal xarakter daşısa da, onların reallaşdırılması, ilk növbədə milli səviyyədə həyata keçirilən siyasətdən, qanunvericilikdən və konkret layihələrdən asılıdır. Bu baxımdan, qlobal hədəflərin milli prioritetlərlə uzlaşdırılması və əldə olunan nəticələrin davamlılığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. 

Qeyd olunub ki, Azərbaycanın dayanıqlı inkişaf siyasətinə uyğun olaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı, təhsil və innovasiyaların təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Çıxışda insan amilinin dayanıqlı inkişafın əsasını təşkil etdiyi vurğulanıb. Təhsilin, peşə bacarıqlarının inkişafının, layiqli əməyin, bərabər imkanların və gənclərin proseslərdə fəal iştirakının əhəmiyyətinə diqqət çəkilib.

Bildirilib ki, parlamentlər qlobal öhdəliklərin milli səviyyədə icrasında mühüm rol oynayır. Qeyd edilib ki, parlamentlərin qanunvericilik, büdcə və nəzarət funksiyaları Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əlverişli hüquqi və institusional çərçivənin formalaşdırılmasına imkan yaradır.

Çıxışda Azərbaycanın iqlim gündəliyinə də toxunularaq, enerji, iqlim və inkişaf arasında əlaqənin  ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Ənənəvi enerji resurslarının iqtisadi inkişafda mühüm rolunu qoruduğu, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin və enerji keçidinin sürətləndirilməsinin də  Azərbaycanın əsas prioritetlərindən olduğu bildirilib.

Məruzədə Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi çərçivəsində iqlim hədəflərinə diqqət çəkilərək, 2035-ci ilədək istixana qazı emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılmasının nəzərdə tutulduğu bildirilib. Bu hədəflərin həyata keçirilməsində qanunvericilik bazasının təkmilləşdirilməsinin və parlament nəzarətinin əhəmiyyəti vurğulanıb.

Çıxışda  2024-cü ildə Bakıda keçirilən COP29 iqlim konfransının yekunlarına və qlobal öhdəliklərin icra mexanizmlərinə toxunularaq, beynəlxalq ambisiyaların praktiki vasitələrlə dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.

Parlamentlərin bu prosesdəki rolu barədə danışan Milli Məclisin sədri deyib ki, beynəlxalq sazişlər prosesin sonu deyil, yalnız başlanğıcıdır. Spiker bildirib ki, hökumətlər beynəlxalq danışıqlar aparsa da, qəbul edilən qərarlar daxildə fəaliyyət tələb edir. Bu baxımdan, parlamentlərin qanunvericilik, büdcə təhlili və nəzarət funksiyaları ictimai resursların səmərəli istifadəsini təmin etməkdə həlledici əhəmiyyət daşıyır. O, COP29 çərçivəsində  Parlamentlərarası İttifaq (PAİ) və Milli Məclisin Bakıda təşkil etdiyi Parlament Toplantısının bu təcrübə mübadiləsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycanın inkişaf yolu və dayanıqlı gələcək barədə danışan Milli Məclisin sədri bildirib ki, ölkənin təmiz enerjiyə keçidi və iqtisadi şaxələndirilməsi davamlı investisiya, güclü insan kapitalı və innovasiya tələb edir. Qeyd olunub ki, bu transformasiyanı həyata keçirmək üçün  hökumət, biznes, universitetlər və vətəndaş cəmiyyəti güclərini birləşdirməlidir.

Çıxışına yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bugünkü öhdəlikləri gələcək nəsillər üçün praktiki və faydalı nəticələrə çevirməyin əsas məqsəd olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31