Əli Mustafa: "Zəngəzur dəhlizi ətrafındakı təhlükəsizlik bəyanatları manipulyasiya xarakterlidir" – ÖZƏL

"Zəngəzur dəhlizinin təhlükəsizliyi ilə bağlı məsələ Ermənistan və İran rəhbərliyi arasında bir xeyli əvvəl müzakirə olunmuşdu. Həmin zaman, səhv etmirəmsə, Ermənistan rəhbərliyi İrana belə bir təminat vermişdi ki, orada Amerika qoşunları olmayacaq. Yəni təhlükəsizliyi ermənilər özləri təmin edəcəklər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Ekspertin sözlərinə görə, indi məsələnin yenidən gündəmə gəlməsi daha çox mövzunun təkrar aktivləşdirilməsi ilə bağlı görünür. Axı hələ dəhliz tikilməyib, hazır deyil. Dəhlizin normal fəaliyyət göstərməsi üçün xeyli zaman və səy tələb olunur. Bu məsələlər həllini tapdıqdan sonra orada Amerika qoşunlarının, ordusunun yerləşdirilməsindən və ya təhlükəsizliyin Amerika tərəfindən təmin edilməsindən danışmaq olar. Hazırda isə ortada fəaliyyət göstərən bir dəhliz yoxdur. Amma indidən Amerikanın dəhlizin təhlükəsizliyi ilə bağlı mümkün fəaliyyətinə etiraz məsələsi gündəmə gətirilir. Məncə, bunların hamısı qara PR xarakteri daşıyır. İran tərəfi həm də qeyd edir ki, onlar həmin ərazinin Ermənistan və ya Ermənistanda olan üçüncü ölkə qoşunları tərəfindən qorunmasını istəyirlər. Yəqin ki, burada söhbət Rusiyadan gedir. Belə çıxır ki, mövzunun yenidən gündəmə gətirilməsinin, bu məsələnin arxasındakı sifarişin əsas tərəflərindən biri Rusiyadır. Rusiya müəyyən formada İranı da bu prosesə cəlb edib və məsələni bu şəkildə gündəmə gətirir. Bildiyim qədərilə, gələcəkdə razılaşma əldə olunarsa və dəhliz istifadəyə verilərsə, orada müəyyən şirkətlərin fəaliyyətindən də söhbət gedir. Təhlükəsizliyin hansısa şirkətlər vasitəsilə təmin olunması isə nə İran, nə də Rusiya üçün ciddi təhlükə və təhdid yarada bilər. Deməli, burada təhlükəsizlik məsələsinin özü müəyyən mənada manipulyasiya xarakteri daşıyır. Əsas məsələ dəhlizin özüdür. İran bu dəhlizin açılmasını istəmir, Rusiya da istəmir. Lakin Rusiya bu mövzunu İran üzərindən bir növ gündəmə gətirir. 

"Hər halda, düşünürəm ki, burada geosiyasi savaş davam edir. Təhlükəsizlik məsələsi üzərindən daha böyük mübarizə gedir. Xüsusilə də dəhliz üzərində nəzarətin Rusiyanın, yoxsa Amerikanın əlində olacağı məsələsi hələ tam həllini tapmadığı üçün bu cür ritorikalar davam edir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31