Ermənistanın Qarabağda qoyduğu ölümcül mirasla bağlı AÇIQLAMA

"Məlum olduğu kimi, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina ilə çirkləndirilib".

Musavat.com xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2026) çərçivəsində panel sessiyasında bildirib.

"Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir. Lakin mina təhlükəsinin miqyası yalnız mina və partlayıcı qurğuların sayı ilə ölçülmür. Mina təhlükəsi torpağın, suyun, biomüxtəlifliyin və bütövlükdə ekosistemin təhlükəsizliyinə təsir edən problemdir. Minalarla çirklənmiş ərazilər eko-sistemin bir hissəsi olan insanların təkcə təmiz ekoloji şəraitdə deyil, yaşamaq hüququna da təhdidlər yaradır. Minaların dağıdıcı təsiri nəticəsində insanlar həyatlarını itirir və ya ciddi xəsarətlər alır. Vətən müharibəsi başa çatandan bu günədək 438 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 73-ü həyatını itirib", - o qeyd edib.

Vüqar Süleymanovun sözlərinə əsasən, Azərbaycanın təcrübəsi göstərir ki, risklərin idarə olunması yalnız baş vermiş hadisəyə reaksiya verməklə məhdudlaşmamalıdır:

"Əsas məqsəd təhlükəni əvvəlcədən müəyyən etmək, düzgün qiymətləndirmək, aidiyyəti qurumları vaxtında məlumatlandırmaq və insanların həyatını qorumaq üçün qabaqlayıcı tədbirlər görməkdir. 44 günlük Vətən müharibəsinin başa çatmasından etibarən ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 300, 565 hektar ərazi təmizlənib və 261, 705 ədəd mina və digər partlayıcı sursat zərərsizləşdirilib. Ekoloji qiymətləndirmə layihələrini əks etdirən meşə fondunun bərpası, Dostluq meşəsi, Bəsitçay Dövlət Təbiət Qoruğu kimi milli parklar, dövlət təbiət yasaqlıqları, çay ətrafı ərazilər, su hövzələrinin bərpası, geoloji kəşfiyyat işləri, qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış əraziləri, eləcə də erkən xəbərdarlıq sistemlərinin quraşdırılması üçün 31,037 hektar, həmçinin kənd təsərrüfatı üçün 132,447 hektar, yaşayış infrastrukturun inkişafı üçün 71,202 hektar, energetika infrastrukturu üçün 12, 443 hektar, meliorasiya və su təsərrüfatı layihələri üçün isə 8,447 hektar ərazi partlayıcı sursatlardan təmizlənib.

Qeyd edim ki, işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatı məqsədilə minatəmizləmə prosesi ilə yanaşı, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilər konservasiya edilərək çəpərlənir".

ANAMA sədri vurğulayıb ki, Azərbaycan minalardan təmizlənmə sahəsində öz təcrübəsini inkişaf etdirməyə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə hazırdır:

"Biz inanırıq ki, süni intellekt, rəqəmsal texnologiyalar və erkən xəbərdarlıq mexanizmləri insanların həyatının qorunmasına, risklərin azaldılmasına və təhlükəsiz inkişafın təmin edilməsinə mühüm töhfə verə bilər. İnanırıq ki, təhlükələrin qarşısının alınması, innovasiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi daha təhlükəsiz və dayanıqlı gələcəyin əsas şərtləridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31