Təsadüfən tapıldı - 3 min ildir torpağın altında gizli qalıbmış
11:34 Siyasətİsveçin cənubunda elektrik kabellərinin yenilənməsi zamanı arxeoloqları heyrətləndirən qədim məzar sahəsi aşkarlanıb. Domsten bölgəsində tapılan məzarların təxminən 2 500-3 000 il yaşı olduğu ehtimal edilir.
Musavat.com xəbər verir ki, Helsingborg şəhərinin şimalında, İsveçlə Danimarka arasındakı Öresund elektrik kabellərinin dəyişdirilməsi üçün aparılan işlər zamanı əraziyə nəzarət edən arxeoloqlar əvvəlcə qədim yaşayış məskənlərinə aid çaxmaqdaşı parçaları aşkar ediblər. Qazıntılar davam etdikcə adi daş yığını təsiri bağışlayan sahənin altında məzar tikililəri üzə çıxıb.
Daşları gəmi formasında düzüblər
Tapıntılar arasında ən diqqətçəkən məzar daşların gəminin konturunu xatırladacaq şəkildə düzülməsi ilə yaradılıb. Təxminən 3 metr uzunluğunda olan bu tikilinin yanında daha iki dairəvi daş məzar da aşkarlanıb.
Arxeoloqlar hesab edirlər ki, bu tikililər vaxtilə torpaq və ya otla örtülərək alçaq kurqan formasında ola bilərdi.
Ərazidə insan qalıqları olan küplər də tapılıb. Dörd küpün içərisində yandırılmış insan sümükləri aşkarlanıb. Küplərdən birində isə metal əşya müəyyən edilib.
Mütəxəssislər küplərin kiçik daş bölmələrə diqqətlə yerləşdirildiyini və üzərlərinin daş lövhələrlə örtüldüyünü müəyyənləşdiriblər. Tapılan qablar zədələnmədən çıxarılaraq laboratoriyaya aparılıb.
Eyni ərazidə daha əvvəl də qədim məzar tapılıb
Domsten bölgəsində bu, ilk belə kəşf deyil. Arxeoloqlar 2019-cu ildə yeni tapıntıdan təxminən 100 metr məsafədə başqa bir daş məzar aşkarlamışdılar. Həmin ərazidə də yandırma məzarı və iki küp tapılmışdı.
2019-cu ildə aşkar edilən məzarların eramızdan əvvəl 1400-1050-ci illərə aid olduğu müəyyənləşdirilmişdi. Yeni tapıntıların da oxşar xüsusiyyətlərə malik olması bölgənin uzun müddət məzarlıq kimi istifadə edildiyini ehtimal etməyə əsas verir.
Yeni tapılan məzarların dəqiq yaşı hələ müəyyən edilməyib. Arxeoloqlar tikililərin formasına əsasən onların 2 500-3 000 il əvvələ aid olduğunu düşünürlər.
Küplərdəki insan sümükləri və digər qalıqlar üzərində aparılacaq araşdırmalar nəticəsində məzarların dəqiq tarixi və burada dəfn edilən insanların kimliyi müəyyənləşdirilməyə çalışılacaq.