Ermənistan-Rusiya münasibətlərində “pauza” nə vəd edir? – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Sputnik Ermənistan"ın köşə yazarı Armen Abovyan Ermənistanla Rusiya arasında münasibətlərdə yaranmış gərginliyi və Nikol Paşinyanın Vladimir Putinlə görüşündən sonra prosesin müvəqqəti olaraq "pauzaya" qoyulmasını şərh edib.

Müəllifin fikrincə, tərəflər açıq eskalasiyadan yayınsa da, Ermənistan-Rusiya münasibətlərindəki siyasi və iqtisadi problemlər həll olunmayıb. Paşinyan Moskvada Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində olmadığını bildirsə də, ölkənin Avropa İttifaqına inteqrasiya istiqamətində qanun qəbul etməsi Rusiya tərəfindən geosiyasi dönüş kimi qiymətləndirilir.

Abovyan yazır ki, Moskvanın mövqeyi aydındır: əgər Ermənistan Avropaya inteqrasiyanı seçirsə, Aİİ çərçivəsində əldə etdiyi iqtisadi güzəştlərin və üstünlüklərin alternativini Avropa İttifaqı təmin etməlidir. Müəllif isə hesab edir ki, Aİ Ermənistan üçün bu imkanları eyni səviyyədə təmin etməyəcək.

Yazıda vurğulanır ki, Ermənistanın eyni zamanda həm Aİİ-də qalmağa çalışması, həm də Avropa İttifaqına üz tutması uzunmüddətli perspektivdə mümkün olmayacaq. Hazırkı "pauza" Paşinyan və Putinin Moskvada keçiriləcək növbəti görüşünədək davam edə bilər.

Müəllif həmçinin Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin Türkiyə və Azərbaycan mediasında müsbət qarşılanmasına diqqət çəkərək, bu münasibətlərin siyasi, iqtisadi və hərbi baxımdan zəifləməsinin "regiondakı digər aktorların maraqlarına xidmət edə biləcəyini" iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31