Dövlət tərəfindən şəhidlərin adları layiqincə əbədiləşdirilir- ÖZƏL
12:14 Siyasət"Şəhidlərin xatirəsi müqəddəsdir və bu xatirənin qorunması təsadüfi, qeyri-peşəkar və vizual baxımdan eybəcər üsullarla həyata keçirilməməlidir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: " Ölkədə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir. Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Sənədə əsasən, Şəhid- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
Sənəddə konkret göstərilir ki, Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir: qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması; şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi. Ölkəmizdə şəhidlərin xatirəsinə ucaldılmış kifayət qədər abidə, park, xiyaban, memorial kompleks və digər rəsmi yerlər var. Bu yerlər dövlət səviyyəsində, peşəkar yanaşma ilə yaradılıb və şəhidlərin adlarını ləyaqətlə əbədiləşdirir. Belə halda, sadalanan tədbirlərdən kənar edilən istənilən hərəkət yolverilməzdir".