Azərbaycan donanması bütün təhdidlərə cavab verməyə hazır olmalıdır- ÖZƏL
10:14 Siyasət"Döyüş gücünə və gəmi sayına görə Xəzər hövzəsində ikinci ən böyük donanmanın Azərbaycana məxsus olduğu bildirilir. Amma durmadan davam etdirilən modernləşdirilmə prosesi göstərir ki, bununla kifayətlənməyəcəyik". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahıb Alıyev deyib: "Azərbaycan donanması artıq sadəcə klassik dəniz döyüşünə deyil, hibrid və asimmetrik təhdidlərə qarşı da yüksək səviyyədə cavab verməyə hazır olmalıdır, olacaq.
Türkiyə, İsrail və ABŞ ilə sıx hərbi-texniki əməkdaşlıq da məhz bunun üçündür. Türkiyənin "Dearsan" şirkəti ilə birgə istehsal edilən "SALVO" və "KAYRA" insansız dəniz vasitələri, həmçinin İsraildən alınan və 300 kilometrə qədər məsafədəki hədəfləri dəqiqliklə vuran "Sea Breaker" anti-gəmi raket sistemləri donanmamızın zərbə gücünü kəskin artırıb.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin standartları əsasında təlim keçən Sualtı Hücum (SAH) və Sualtı Müdafiə (SAM) dəniz xüsusi təyinatlı dəstələri regionun ən elit və yüksək döyüş hazırlıqlı bölmələrindən sayılır.
Bu gün Müzəffər Ali Baş Komandanın qarşısında "SALVO" və "KAYRA" insansız dəniz vasitələri sınaqdan keçirildi. Cənab İlham Əliyevin sədrliyi altında hərbi quruculuq məsələlərinə dair operativ müşavirədə də, çox güman ki, Hərbi Dəniz Qüvvələrinin potensialının daha da artırılması gündəmdə olub. Əminəm ki, bu istiqamətdə də qarşıya qoyulan hədəflərə tam çatılacaq.
Bəzi təhdidlərə birdəfəlik son qoymaq üçün Xəzərdə ən güclü donanma yaratmaq istəyən Nadir şahın bir zamankı arzusu indi reallaşdırılacaq".