Bir stəkan su, bir millətin yaddaşı – Cavid İSMAYIL yazır

Cavid  İsmayıl

Bəzən siyasətin ən maraqlı tərəfi tribunada deyil, süfrənin üzərində görünür. Bəzən dövlətlər uzun bəyanatlar vermir. Bir stəkan su kifayət edir. 
Milli suyu içmək sadəcə su içmək deyil. Bəzən bir stəkan su bir xalqın yaddaşından, torpağından və kimliyindən danışa bilir.
Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü zamanı masaya Azərbaycan suyunun gətirilməsi də məhz belə detallardan biridir. 
Kimisi buna adi protokol elementi kimi baxa bilər. Kimisi ümumiyyətlə əhəmiyyət verməz. Amma dövlətçilikdə hər detal təsadüfi deyil. Xüsusilə də söhbət su kimi sadə, amma bir xalq üçün torpaq qədər mənalı bir nemətdən gedirsə.

Su haradan gəlirsə, bir az da oranı özü ilə gətirir. O suyun içində torpağın nəfəsi, dağların sərinliyi, bulaqların səsi, Vətənin yaddaşı var.

Azərbaycan üçün su yalnız həyat mənbəyi deyil. Su həm də torpağa bağlılığın, yurda sədaqətin rəmzidir. Çünki insan doğulduğu torpağın suyunu içəndə təkcə susuzluğunu yatırmır - özünü o torpağın bir parçası kimi hiss edir.

Bu mənada milli dəyərlərimizin ən sadə görünən nümunələri belə böyük məna daşıyır. Bayrağımız necə qürur mənbəyidirsə, dilimiz necə milli varlığımızın dayağıdırsa, torpağımız və onun suyu da kimliyimizin ayrılmaz hissəsidir.

Amma bu mənzərənin daha böyük bir mənası da var.

Bişkekdə Azərbaycan və İran liderlərinin görüşü türk dünyasının coğrafiyasında baş verirdi. Burada Azərbaycan suyu təkcə milli kimliyimizi deyil, qardaşlıq duyğusunu da xatırladırdı. Türk dünyasını birləşdirən yalnız sərhədlər və siyasi xəritələr deyil. Bizi birləşdirən ortaq tarix, dilə və mədəniyyətə bağlılıq, qədim yaddaş və bir-birimizə olan qardaşlıq hissidir.

Türkçülük də məhz budur. Türkçülük başqasına düşmən olmaq deyil, öz kimliyini tanımaq, öz dilinə, tarixinə, torpağına sahib çıxmaq və eyni kökdən gələn qardaşlarına hörmətlə yanaşmaq.

Bir stəkan Azərbaycan suyu bəlkə də kiçik bir detaldır. Amma milli şüur elə bu kiçik detallardan böyüyür.

Çünki Vətən yalnız xəritədə göstərilən sərhəd deyil. Vətən - içdiyimiz sudur!
Vətən - danışdığımız dildir! Vətən - yaddaşımızdır! Vətən - bayrağımızın yaratdığı qürurdur! Vətən - türk dünyasının müxtəlif guşələrində özünü tapan böyük bir mənəvi bağdır! 

Dost da, düşmən də bilsin ki, su da bizimdir, torpaq da, bu ruh da!

Hərbirimiz də anlamalıyıq ki, milli kimliyimizi yaşatmaq, Vətəni sevmək və qardaşlığımızı qorumaq bizim ən böyük milli məsuliyyətimizdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31