Bişkek görüşü: Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə qədəm qoyub – ÖZƏL
10:21 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib. Görüş regionda sabitlik və sülh istiqamətində atılan addımların davamlılığını bir daha nümayiş etdirdi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçinin fikrincə, görüşün diqqətçəkən tərəflərindən biri onun heç bir üçüncü tərəfin vasitəçiliyi olmadan, birbaşa ikitərəfli formatda keçirilməsidir. Bu, Azərbaycanın regionda sülh və əməkdaşlıq siyasətinin uğurla həyata keçirildiyinin, Bakı ilə İrəvan arasında dialoqun artıq müstəqil və özünüdəstəkləyən bir mexanizmə çevrildiyinin bariz göstəricisidir. Bu görüşdə həmçinin Vaşinqton nailiyyətləri bir daha təsdiq edildi. Tərəflər 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin, eləcə də "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin" razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini bir daha vurğulayıblar. Bu sənədlər onilliklər boyu davam edən münaqişəyə son qoyan prosesin əsas milyar daşlarıdır. Sülhün əyani iqtisadi nəticələri çoxdur. Liderlər sülh prosesinin artıq konkret iqtisadi bəhrələr verdiyini qeyd ediblər. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranziti, İki ölkə arasında ticarət əlaqələrinin möhkəmlənməsi Vaşinqton sazişinin nəticələridir. Bu addımlar Azərbaycanın təkcə siyasi deyil, həm də iqtisadi baxımdan regionda əməkdaşlığın aparıcı təşəbbüskarı olduğunu göstərir.
Ekspert əlavə edib ki, tərəflər dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edərək, komissiyaların əldə olunmuş razılaşmalara uyğun olaraq işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar. Bu, Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiqliyinin və məsələnin hüquqi çərçivədə həll edilməsinə verdiyi önəmin göstəricisidir. Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi istiqamətində növbəti praktiki addımları müzakirə ediblər. Bu nəqliyyat dəhlizi bölgədə əlaqələndirmə və bağlantı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq layihə kimi qiymətləndirilir. Etimad quruculuğu mövzusuna gəldikdə isə deyə bilərik ki, görüşdə parlamentlər və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı etimadın gücləndirilməsi və geniş sülh gündəliyinin dəstəklənməsi istiqamətində atılan addımlar da müsbət qiymətləndirilib.
Nəticə olaraq vurğulamaq lazımdır ki, Bişkekdəki görüş Azərbaycanın uzunmüddətli, prinsipial və nəticəyönümlü sülh siyasətinin növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu proses regionda davamlı sülhün bərqərar olması istiqamətində əhəmiyyətli töhfə verməkdə davam edir.
Səidə Ramazanova