Məsələ yalnız Azərbaycan-Polşa münasibətlərində deyil- ÖZƏL
14:59 Siyasət"Avqustun 26-da Polşanın TVP World-un "Eastern Express" proqramında Azərbaycan əleyhinə, pozucu, regional təhlükəsizliyə təhdid xarakterli qərəzli süjetin yayımlanması sadəcə TV, jurnalist materialı kimi qiymətləndirilə bilməz. Süjetin məzmunu və yayım vaxtı onun arxasında daha geniş siyasi və geosiyasi motivlərin olduğuna əsaslı şübhələr yaradır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Haqlı olaraq Azərbaycan məsələni adi media materialı kimi qəbul etməyib. Avqustun 28-də Polşanın Azərbaycandakı səfiri Paveł Radomski XİN-ə çağırılıb, süjetdə Azərbaycan dövləti və rəhbərliyi haqqında qərəzli, qeyri-obyektiv və qəbuledilməz iddialara, həmçinin aparıcının təxribat xarakterli davranışına görə Polşa tərəfinə etiraz notası təqdim edilib. XİN xüsusilə TVP World-un Polşa hökuməti tərəfindən maliyyələşdirildiyini və bu addımı ikitərəfli münasibətlərə zərər vura biləcək davranış kimi qiymətləndirib.
Bəs kanalın hansı məqsədi olub? Burada üç versiya üzərində dayanmaq olar. Birinci versiya - təbii ki, süjet jurnalistin və ya redaksiyanın şəxsi mövqeyi kimi təqdim oluna bilər. Ancaq dövlət tərəfindən maliyyələşdirilən kanalın xarici dövlətə qarşı ciddi siyasi ittihamlar səsləndirən materialının siyasi məsuliyyət məsələsi kanalın müstəqil davranışına inamı çox azaldır və bu da hökumətin konkret siyasi sifarişi barədə düşüncəni ağırlaşdırır.
İkinci versiya - Polşanın Azərbaycana münasibətində müəyyən siyasi dəyişiklik ehtimalıdır. 17 mart 2026-cı ildə iki dövlətin XİN rəhbərləri Ceyhun Bayramovla Radoslav Sikorski arasında telefon danışığında Bakı-Varşava münasibətlərinin siyasi, iqtisadi, enerji və humanitar sahələrdə inkişaf perspektivlərinin müzakirəsindən sonra, mayın 6-7-də Polşanın təhlükəsizlik və kəşfiyyat xidmətləri naziri Tomaş Siemoniakın Bakıya səfər etməsidir. Görüşlərdə təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsi, İran, Azərbaycan-Ermənistan münasibətləri və ikitərəfli əməkdaşlıq müzakirə olunub. Ardınca da iyunun 25-də isə Qdanskda keçirilən görüşdə tərəflər arasında təhlükəsizlik, enerji, regional kommunikasiya və Cənubi Qafqazdakı proseslərə dair məhsuldar danışıqlar baş tutmuşdur. Belə bir intensiv siyasi dialoqdan bir neçə ay sonra TVP World-da Azərbaycan əleyhinə bu məzmunlu süjetin yayımlanması, təbii olaraq, "Polşada müəyyən qüvvələrin Azərbaycana münasibətdə yeni siyasi yanaşma formalaşırmı?" sualını ortaya qoyur.
Üçüncü və daha geniş versiya isə məsələyə geosiyasi prizmadan baxışı tələb edir. Polşanın əsas təhlükəsizlik prioritetlərindən biri Rusiya təsirinin məhdudlaşdırılması, Avropa ilə Cənubi Qafqaz arasında yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasıdır. Bu baxımdan Azərbaycanın Rusiya və İranla balanslaşdırılmış siyasi kursu, paralel Qərblə əməkdaşlığı Polşanın və ümumən Qərbin regional maraqları ilə ziddiyyət təşkil edə bilər.
Yəni, məsələ yalnız Azərbaycan-Polşa münasibətləri deyil. Varşavanın Azərbaycanın Rusiya və İranla münasibətlərinin gərginləşdirilməsi Avropa və ümumən Qərb üçün Cənubi Qafqazda, regionda yeni qarşıdurma nöqtələri yaratmaqla əlverişli imkanlara yol aça bilər. Hələ 2024-cü ilin noyabrında Polşa prezidenti Andjey Duda Ermənistana səfəri zamanı Azərbaycan-Ermənistan sərhədi yaxınlığına getmişdi. Avropa baxışından vəziyyət həm də perspektivdə Ermənistanın da xeyrinə dəyişə bilər.
Nəzərə alsaq ki, "TVP World"un missiyası da Rusiya və Belarusdan hibrid təhdidlər kontekstində formalaşdırılıb, onda Rusiyanın, İranın Cənubi Qafqaz mövqeyinə təsir edə biləcək qarşıdurmaların yaradılması Polşanın maraqlarına uyğun görünür".