Ölkədə müxalif ol, ölkədən kənarda yox- ÖZƏL
11:06 Siyasət"Həyatda hansı mövqedə olursunuzsa olun, gördüyünüz problemləri deməkdən və dəyişiklik tələb etməkdən çəkinməyin. Amma bir məsələni xüsusilə yaxşı düşünün: heç vaxt dövlətçiliyin özünü hədəfə çevirməyin". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Sizə kənardan müxtəlif vədlər verilə bilər. "Sizə dəstək olacağıq", "qrant verəcəyik", "layihənizi maliyyələşdirəcəyik" deyilə bilər. Amma həmin dəstəyin qarşılığında sizdən ölkənizi, dövlət institutlarını və cəmiyyəti sistemli şəkildə gözdən salmaq tələb olunursa, dayanıb düşünmək lazımdır.
Asan gələn hər pul asan qazanc deyil. Bəzən onun qarşılığında sizdən puldan daha qiymətli olan bir şey - mövqeyiniz tələb oluna bilər. Ölkənizdə problem varsa, onu öz ölkənizdə həll etməyə çalışın. Dövlət qurumlarına müraciət edin, qanuni yollarla mübarizə aparın, tənqid edin, təklif verin, ictimai müzakirələrə qoşulun. Fərqli düşünməkdən qorxmayın.
Amma dövlətçiliyə qarşı çıxmağı, ölkənin zəifləməsini arzulamağı və xaricdən bunun üçün dəstək axtarmağı "vətənə xidmət" kimi qəbul etməyin. Pul qazanmaq olar, mövqe dəyişmək olar, iş dəyişmək olar. Amma insan öz iradəsini və ləyaqətini başqasının marağına satmamalıdır. Dünyanı görün, xaricdə təhsil alın, beynəlxalq layihələrdə iştirak edin, başqa ölkələrin təcrübəsindən öyrənin. Amma hansı ölkədə yaşamağınızdan asılı olmayaraq, öz ölkənizin maraqlarını düşünməkdən vaz keçməyin.
Ölkənizdə nəyisə bəyənmirsinizsə, dəyişməyə çalışın. Amma ölkədən kənara çıxıb öz ölkənizin zəifləməsi hesabına dəyişiklik axtarmayın. Çünki Vətənə münasibət yalnız hər şey yaxşı olanda deyil, ən çətin məqamda hansı tərəfdə dayandığınızla da ölçülür".