Moskvada plakat yox, siyasi mesaj asıldı – Cavid İSMAYIL yazır
16:03 SiyasətCavid Ismayıl
Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında baş verən təxribata sadəcə "aksiya" deyib keçmək olmaz. Çünki bəzi hadisələrdə kağızın üzərində yazılanlardan daha vacib olan həmin kağızın harada asılmasıdır. 27 avqustda Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında Azərbaycan əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi də məhz belə hadisələrdəndir. Söhbət adi küçə etirazından deyil, diplomatik nümayəndəliyə məxsus obyektin qarşısında həyata keçirilən siyasi xarakterli təxribatdan gedir.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni kəskin şəkildə pisləməklə kifayətlənməyib, onun Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməsi ilə yanaşı, Rusiya mediasının və bəzi rəsmilərinin Azərbaycana qarşı apardığı, xüsusən də son dövrlərdə intensivləşən qarayaxma kampaniyasının tərkib hissəsi olmasının istisna edilmədiyini bildirib. Bu açıqlama hadisəyə tamam başqa siyasi çərçivə verir. Çünki artıq söhbət yalnız küçədə plakat asan bir neçə şəxsdən getmir. Söhbət belə bir təxribatın hansı siyasi atmosferdə meydana çıxmasından gedir.
Moskva kimi nəhəng və ciddi nəzarət altında olan bir şəhərdə, Azərbaycan diplomatik nümayəndəliyinə məxsus obyektin qarşısında Azərbaycan əleyhinə materialların peyda olması istər-istəməz suallar doğurur. Bu şəxslər həmin ünvana necə gəlib çıxdılar? Plakatları orada yerləşdirmək üçün nə qədər müddətə ehtiyac oldu? Əraziyə nəzarət edən qurumların bundan xəbəri vardımı? Əgər yox idisə, diplomatik nümayəndəliyə məxsus obyektin qarşısında belə bir təxribatın qarşısının niyə alınmadığı izah edilməlidir. Əgər xəbərdar olanlar var idisə, onda məsələ daha ciddi müstəviyə keçir. Çünki bu halda söhbət artıq sadəcə aksiya keçirən bir qrup şəxsdən yox, onların kimlərin nəzarəti altında və hansı siyasi rahatlıqla bu qədər sərbəst hərəkət edə bilməsindən gedir.
Əlbəttə, bu mərhələdə sübutsuz şəkildə "bunu Rusiya dövləti təşkil edib" demirəm, amma...
Jurnalistika ehtimalla faktı bir-birinə qarışdırmamalıdır. Amma bunun əksi də eyni dərəcədə yanlışdır. "Naməlum şəxslər idi, məsələ bununla bitdi" yanaşması da hadisənin siyasi mahiyyətini ört-basdır etməkdən başqa bir şey olmaz. Əgər ortada təxribat varsa, onun təşkilatçıları, məqsədi və hansı şəraitdə həyata keçirilməsi araşdırılmalıdır. Xüsusən də bu hadisə iki ölkə arasında onsuz da həssas münasibətlərin olduğu bir dövrdə baş veribsə.
Son dövrlərdə Rusiya mediasının müəyyən hissəsində və bəzi rəsmilərin açıqlamalarında Azərbaycana qarşı sərt, ittihamçı və bəzən açıq şəkildə qarayaxma xarakteri daşıyan ritorikanın artması da gözardı edilə bilməz. Ayrı-ayrı materiallarda Azərbaycanı hədəfə alan yanaşmaların ardınca Moskvada Azərbaycan diplomatik nümayəndəliyinə məxsus obyektin qarşısında belə təxribatın meydana çıxması ən azı siyasi baxımdan ciddi suallar doğurur. Burada məsələ hansısa bir plakatın üzərində yazılanlardan daha genişdir. Çünki siyasi atmosfer bəzən küçədəki hadisədən daha çox şey deyir. Bəzən isə küçədə baş verən hadisə həmin siyasi atmosferin kimlər tərəfindən yaradıldığını göstərir.
Bunu "azad fikir" adı altında romantikləşdirmək də mümkün deyil. Azad fikir hər kəsin öz mövqeyini ifadə etmək hüququdur, amma diplomatik nümayəndəliyə məxsus obyektin qarşısında Azərbaycan əleyhinə düşmənçilik ritorikası ilə təxribat yaratmaq tamam başqa məsələdir. Əgər hansısa şəxs və ya qrup Azərbaycan siyasətindən narazıdırsa, bunun qanuni və sivil ifadə yolları var. Diplomatik obyektin qarşısının seçilməsi isə təsadüfi detal sayıla bilməz. Ünvanın özü siyasi mesajdır.
Ona görə də Moskvadakı hadisəyə yalnız "bir qrup fəal aksiya keçirdi" prizmasından baxmaq yanlışdır. Əsas məsələ təkcə plakatı kimin asması deyil, onun niyə məhz həmin ünvanda peyda olması, buna hansı şəraitin imkan verməsi və arxasında hansı siyasi hesabın dayanmasıdır.
Amma bir məqam artıq aydındır - diplomatik obyektin qarşısında Azərbaycan əleyhinə təxribatın baş verməsi normal hadisə deyil. Belə hadisələr cavabsız və cəzasız görüntüsü yaratdıqca, təxribatçıların özünə daha böyük meydan açılır. Bu gün plakatdır, sabah isə başqa formada təzyiq ola bilər. Bu gün diplomatik obyektin qarşısında siyasi təxribatdır, sabah bunun daha təhlükəli formasının meydana çıxmayacağına heç kim zəmanət verə bilməz.
Məhz buna görə Moskvadakı bu hadisəni kiçiltmək yox, mahiyyətini görmək lazımdır. Çünki diplomatik nümayəndəliyin qarşısında asılan bir plakat bəzən küçədəki bir neçə adamın narazılığından daha böyük siyasi mənzərənin yalnız görünən tərəfidir. Bu hadisənin arxasında kimin dayandığını, kimlərin buna şərait yaratdığını və hansı məqsədin güdüldüyünü müəyyənləşdirmək isə artıq Rusiya tərəfinin üzərinə düşən məsuliyyətdir. Əgər Rusiya hakimiyyəti bu hadisənin arxasında olmadığını düşünürsə, bunu sübut etməyin ən sadə yolu var - kimlərin təşkil etdiyini tapmaq və kimlərin buna imkan verdiyini açıqlamaq.
Və burada ən sərt həqiqət budur: Azərbaycanın diplomatik obyektinin qarşısında Azərbaycanı hədəfə almaqla heç kim Azərbaycanı qorxutmuş olmur! Əksinə, belə təxribatlar onları kimin və hansı siyasi hesabla təşkil etdiyini daha çox üzə çıxarı