Müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan yol...
10:25 SiyasətMüstəqil Azərbaycanın xarici siyasət prioritetlərindən biri də Mərkəzi Asiya ölkələri, xüsusən Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsindən ibarətdir. Bu münasibətlər uzun tarixi və mədəni köklərə əsaslanır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş müttəfiqlik münasibətləri davam etməkdədir. Azərbaycan və özbək xalqlarını ortaq din, dil, adət-ənənə, mədəniyyət və tarixi yaxınlıq bir-birinə sıx birləşdirir. Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq türk kökləri, dil və mədəni yaxınlıq, adət-ənənələr və tarixi yaddaş dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. Son illər bu baza üzərində siyasi və hüquqi əlaqələr də yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış dostluq, qarşılıqlı hörmət və etimad münasibətlərin bütün istiqamətlərinə müsbət təsir göstərir. Son beş ildə dövlət başçıları səviyyəsində həyata keçirilən çoxsaylı qarşılıqlı səfərlər də bunun mühüm göstəricisidir.
Elə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri də Bakı-Daşkənd münasibətlərinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar baxımından xüsusi əhəmiyyət daşıyır. Daşkənddə keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan çoxsaylı sənədlər, yeni investisiya və sənaye layihələri, prezidentlərin qarşılıqlı təltif olunması və "Əbədi dostluq haqqında Müqavilə"nin imzalanması iki ölkə arasında münasibətlərin artıq konkret mexanizmlər və layihələrlə zənginləşdiyini nümayiş etdirir. Məlumdur ki, Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı ölkələrindən biridir. Coğrafi baxımdan fərqli regionlarda yerləşsələr də, onların qarşılıqlı iqtisadi və geosiyasi maraqları getdikcə daha çox kəsişir. Ölkəmizin Xəzər dənizinə çıxışı, inkişaf etmiş nəqliyyat infrastrukturu və Avropa bazarlarına çıxış imkanları Özbəkistan üçün mühüm əhəmiyyət daşıyır. Özbəkistanın isə Mərkəzi Asiyanın mərkəzində yerləşməsi, böyük əhali və istehsal potensialı Azərbaycanın regiona çıxış imkanlarını genişləndirir. Beləliklə, Bakı və Daşkənd arasında əməkdaşlıq coğrafi uzaqlığı iqtisadi yaxınlığa çevirən prosesdir.
Özbəkistanın Avropa bazarlarına çıxışının genişləndirilməsi üçün Xəzər üzərindən Azərbaycan istiqaməti mühüm alternativdir. Azərbaycan isə Mərkəzi Asiyanın artan yük potensialından öz tranzit imkanlarının genişləndirilməsi üçün istifadə edə bilər. Bu qarşılıqlı maraq Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Dəhlizin inkişafı ilə Azərbaycan yalnız tranzit ölkə kimi deyil, Mərkəzi Asiya ilə Avropa arasında logistika mərkəzi kimi mövqeyini gücləndirmək imkanı əldə edir. Özbəkistan üçün isə alternativ ixrac marşrutlarının artması xarici ticarətin dayanıqlılığını gücləndirir.
Faktdır ki, Azərbaycan və Özbəkistan arasında siyasi əməkdaşlıq iqtisadi və humanitar sahələrdə də əlaqələrin genişlənməsinə təkan verib. Belə ki, Azərbaycan və Özbəkistanın enerji sahəsində əməkdaşlığı ənənəvi neft-qaz layihələri ilə yanaşı, yeni enerji gündəliyinə də keçəcəyi gözlənilir. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin son mərhələyə çatması qarşılıqlı fəaliyyətin real nəticələrindən biridir. SOCAR-ın Özbəkistan bazarında fəaliyyəti də bu sahədə əməkdaşlığın dərinliyinin göstəricisidir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün də ciddi potensial mövcuddur. Azərbaycanın külək enerjisi, xüsusilə Xəzər dənizinin potensialı, Özbəkistanın isə günəş və külək enerjisi resursları yeni layihələr üçün zəmin yaradır. Gələcəkdə texnologiya mübadiləsi və enerji sahəsində kadr hazırlığı da əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər.
Azərbaycan-Özbəkistan əməkdaşlığının regional əhəmiyyətini müəyyən edən əsas amillərdən biri nəqliyyat və tranzit imkanlarıdır. Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi potensiala malik dövlətlərindən biri kimi Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində maraqlıdır. Bu baxımdan Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının inkişafı hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Prezident İlham Əliyevin Mərkəzi Asiya ilə Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etməsi də məhz bu reallıqdan irəli gəlir. Son illərdə regionlar arasında əlaqələrin sürətlə genişlənməsi coğrafi məsafələrin siyasi və iqtisadi əməkdaşlıq üçün maneə olmadığını göstərir. Əksinə, yeni nəqliyyat xətləri, logistika imkanları və ticarət marşrutları ölkələri bir-birinə daha da yaxınlaşdırır. Bu mənada Zəngəzur dəhlizi ilə bağlı məsələlər də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin çıxışında bu layihənin regionun nəqliyyat xəritəsinə təsir göstərə biləcək mühüm imkan kimi nəzərdən keçirilməsi təsadüfi deyil. Azərbaycan ərazisindən keçən yeni marşrutların inkişafı Mərkəzi Asiya dövlətlərinin, o cümlədən Özbəkistanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirə bilər. Beləliklə, Azərbaycan-Özbəkistan əməkdaşlığı ikitərəfli iqtisadi münasibətlərlə məhdudlaşmır, daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir.
Azərbaycan-Özbəkistan münasibətlərinin regional əhəmiyyəti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqla daha da artır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı və "C5" formatının faktiki olaraq "C6" formatına çevrilməsi ölkəmizin regiondakı artan rolunu göstərir. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda qarşılıqlı dəstək də siyasi əlaqələri gücləndirir. Azərbaycan-Özbəkistan müttəfiqliyi yalnız ikitərəfli münasibətlər deyil, Türk dünyasının inteqrasiyası, Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin və Şərq-Qərb nəqliyyat-enerji bağlantılarının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlığın gücü siyasi iradə ilə yanaşı, xalqlarımızın ortaq tarixi və qarşılıqlı rəğbətinə əsaslanır.
Dövlət başçısının Özbəkistana səfəri ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yeni səhifə açılır. Səfər cərçivəsində "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" nin imzalanması mövcud münasibətləri yeni məzmunla zənginləşdirir. Əbədi dostluq haqqında Müqavilə hazırki münasibətlərin mahiyyətini və gələcəyə yönəlmiş siyasi iradəni ən aydın şəkildə ifadə edən tarixi addımlardan biridir. Şübhəsiz ki, sözügedən Müqavilə Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibətlərini yeni və daha möhkəm mərhələyə yüksəldəcək, iki xalq arasında əbədi dostluq, sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevriləcək. Müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan bu yol Azərbaycanla Özbəkistan arasında qardaşlığın yalnız bu gününü deyil, gələcək nəsillərini də birləşdirən möhkəm təməl rolunu oynayacaq.
Alim Hüseynli