“Paşinyan qarşısındakı maneələri aradan qaldırmaq istəyir”- Ermənistan siyasətində yeni mərhələ- ÖZƏL

Müxalifətyönümlü "Novaya qazeta"ya müsahibəsində Qərbyönümlü siyasətçi Andreas Qukasyan Ermənistan hakimiyyətinin Rusiya siyasəti və Robert Köçəryanın cinayət təqibi ilə bağlı sərt ittihamlar səsləndirib. O iddia edib ki, Nikol Paşinyanın Qərbə inteqrasiya bəyanatlarına baxmayaraq, bəzi addımları Moskvanın maraqları ilə üst-üstə düşür.
Qukasyanın fikrincə, Robert Köçəryanın həbsi və ona qarşı cinayət təqibinin seçki dövründən sonra gündəmə gətirilməsi siyasi məqsədlərlə bağlı ola bilər. O, həmçinin bu prosesin Rusiyanın sifarişi ilə həyata keçirildiyini iddia edib.

Andreas Qukasyanın Paşinyan hakimiyyətinin bəzi addımlarının Kremlin maraqları ilə üst-üstə düşməsi barədə iddialarını nə dərəcədə əsaslı hesab etmək olar? Robert Köçəryanın cinayət təqibinin siyasi motivlərlə əlaqələndirilməsi Ermənistanın daxili siyasi proseslərinə və qarşıdakı seçkilərə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev Olaylar.az-a açıqlama verib:

"Novoya qazeta"da Andreas Qukasyanın fikirlərlə bağlı, yəni Köçəryanın həbsinin Paşinyanın hansısa maraqlarını üzə çıxardığı barədə fikirlərlə tanışıq. Mənim subyektiv fikrim isə belə deyil.
Paşinyan dünən yox, ondan əvvəlki gün elan etdiyi proqramında artıq açıq şəkildə bəyan etdi ki, Ermənistan tezliklə Avropa İttifaqına üzvlük üçün müraciət etməlidir. Təbii ki, bu, uzun bir prosesdir. Avropa Birliyi dövlətləri öz asılığında saxlamaq üçün ölkələri əvvəlcə namizəd kimi qəbul edirlər, amma bundan sonra uzun bir proses başlayır. Biz bunu Türkiyənin timsalında görmüşük. Həmçinin Moldova və Ukraynanın timsalında da bunu müşahidə edirik. Baxın, Ukraynanı hərbi cəhətdən tam müdafiə edirlər. Amma Avropa İttifaqına üzvlük məsələsi gündəmə gələndə, hətta Almaniya və Fransa kimi Ukraynanı müdafiə edən ölkələr belə bəhanələr axtarmağa, şərtlər qoymağa və proseslərə mane olmağa başlayırlar.
Onlar çox gözəl bilirlər ki, Ukrayna namizəd kimi qəbul edilsə də, onun Avropa İttifaqına daxil olması hazırda mümkün deyil. Birincisi, müharibə gedir. İkincisi, Ukraynada korrupsiyanın səviyyəsi, demokratik proseslər və digər məsələlər Avropa İttifaqının standartlarına tam cavab vermir. Amma bir növ özlərindən uzaqlaşdırmaq üçün belə edirlər.
Ermənistanın hətta ərizə versə belə, bu gün Avropa Birliyinə  qəbul olunması mümkün deyil. Bunu Paşinyan da çox gözəl bilir. Paşinyan bununla haradasa təzyiq göstərir. Yenə də  KTMT ilə bağlı məsələdə Paşinyan açıq şəkildə göstərdi ki, Ermənistanın KTMT-dən uzaqlaşmasına sevinər. Bu, artıq hər şeyi deməkdir. Hətta KTMT-nin nümayəndəsi də bu gün qeyd edib ki, bu proses liderlərdən asılıdır və qərarı liderlər verməlidir.
Ona görə mən belə hesab etmirəm ki, bu məsələ maraqlarla üst-üstə düşür. Paşinyan artıq öz yolunu seçib.
Paşinyanın 2026-2031 ci illər proqramında da, Rusiya müttəfiq dövlət kimi göstərilmir. Rusiya ilə münasibətlərin daha da yaxınlaşdırılması deyil, ABŞ, Fransa, Hindistan, Çin, Türkiyə və Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi önə çəkilir. Rusiyaya Ermənistanın müttəfiqi kimi xüsusi status verilmir. Ona görə, mən əksinə hesab edirəm ki, Köçəryanın həbs edilməsində Paşinyan ABŞ-dan və Rusiyadan birbaşa icazə alıb və onların razılığı ilə bu proses Ermənistanda həyata keçirilir. Çox güman ki, Ermənistanda yerləşən Avropa missiyası da bu prosesdə müəyyən rol oynayır. Bilirsiniz, onlar da xüsusi təyinatlı orqanların keçmiş nümayəndələridir. Hazırda Ermənistanda Paşinyan hökumətinə birbaşa kömək edirlər. Sözsüz ki, Köçəryana qarşı irəli sürülən iddialarda onların da müəyyən rolu var.
Ona görə belə hesab etmirəm. Çünki dünən Rusiyanın münasibətini də gördük: onlar bildirdilər ki, bu işlərə qarışmırıq. Amma Ermənistanda çox mürəkkəb proseslər gedir. Bu gün Alen Simonyan Ermənistanda çıxış edərək bildirib ki, biz Moskvadan hələ ki, Köçəryanla bağlı heç bir zəng almamışıq. Çünki belə bir zəng gəlsə də, biz bunu eşitməyəcəyik. Yəni bu rəsmi məlumatlardan sonra mən belə qənaətə gəlirəm ki, məsələ belə deyil.
Qaldı Robert Köçəryanın cinayət məsuliyyətinə cəlb edilməsinin siyasi motivlərlə əlaqələndirilməsinə, bu, Ermənistanın daxili siyasi proseslərinə və qarşıdakı seçkilərə təsir edəcək.
Birincisi, qarşıda seçkilərə çox var. Paşinyan indidən öz rəqiblərini sıradan çıxarır. Paşinyan 2026-cı il seçkilərindən öncə demişdi ki, Köçəryanı və Sarkisyanı həbs etdirəcək və o prosesi davam etdirir. Seçkilərə nə qədər təsir ediləcək? Seçkilərə hələ 5 il var. Ona qədər biz bilməliyik ki, Ermənistanda hansı proseslər gedəcək. Seçkiyə qədər Paşinyana qarşı hər hansı bir addım atılmayacaqsa, bəli, Paşinyan bu ilki seçkidə gördü ki, mövqelərini itirib, mövqelərini zəiflədib və təbii ki, istəyir ki, qarşısındakı maneələri sıradan çıxarsın.
Amma buna nail ola biləcəkmi, yoxsa olmayacaqmı, bunu gələcək göstərəcək. Sözsüz ki, Köçəryanın həbsi oradakı siyasi proseslərə müəyyən formada təsir göstərəcək. Çünki Karapetyan da müxalifət partiyasıdır və 23 faiz səsi var.
Paşinyan hər hansı konstitusiya dəyişiklikləri edərsə, sözsüz ki, müxalifət ona qarşı təpki göstərəcək. Ermənistanın daxilində də müəyyən narahatlıqlar var və belə bir ehtimal mövcuddur ki, narazı proseslər baş verə bilər. Bunun necə olacağı, təbii ki, müxalifətin və Paşinyanın atacağı addımlardan asılı olacaq. Amma siyasi proseslərə sözsüz ki, hər hansı formada təsir göstərəcək.
Köçəryan və Sarkisyanı bizim üçün cinayətkar adamlar hesab edirik və çox yaxındır ki, onları biz həbs edək və onların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri mühakimə edək. İnşallah, o da qismət olar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31