Köçəryanın həbsi Paşinyana nə qazandıracaq?- Siyasi mübarizənin yeni mərhələsi- ÖZƏL

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qərarı hakim Sarkis Dadoyan qəbul edib. Hazırda xəstəxanada olan Köçəryan ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə etməkdə ittiham olunur.

Robert Köçəryanın həbs qərarı Ermənistanın daxili siyasi mübarizəsində hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 

" Ermənistanda istintaq orqanlarının sabiq prezidentin fəaliyyəti dövründə əməllərində cinayət tərkibli amillərin olması barədə apardıqları tədqiqatlar məhkəməyə Köçəryanın həbsi barədə qərar çıxarmağa əsas verib. Eks-prezident vəzifə səlahiyyətlərini aşmaqda, vəzifəsindən sui-istifadə etməkdə, habelə korrupsiyada ittiham olunur. Köçəryanla yanaşı, sabiq baş nazir və prezident Sarkisyan barəsində də eyni qərarların qəbul olunacağı istisna deyil.
Həbslərin niyə məhz seçkilərdən sonra həyata keçirilməsi ilə bağlı məsələlərə gəlincə, görünür, Paşinyan siyasi opponentlərinə qarşı qəti hücuma keçmək üçün həm ölkə daxilində, həm də regional və beynəlxalq miqyasda əlverişli şəraitin yetişməsini gözləmişdir.
Bir müddət əvvəl ölkədə keçirilmiş parlament seçkiləri Paşinyan iqtidarının legitimliyini təsdiq etməklə, ölkə daxilində ona olan etimadın göstəricisi olmuşdur. Hökumətin növbəti dəfə Paşinyanın rəhbərlik etdiyi partiya təmsilçilərindən ibarət olaraq formalaşması iqtidara müxalifətlə münasibətləri siyasi konyunktura müstəvisindən təhdid mərhələsinə keçirməyə kart-blanş vermişdir.
Paşinyan məlum həbslərlə əlaqədar həm ölkə daxilində, həm də regional və beynəlxalq müstəvidə siyasi dividend qazanmağa çalışır.
Siyasi opponentləri zərərsizləşdirməklə Paşinyan həm ölkə daxilində mövqeyini gücləndirməyə çalışır, həm də bağlı olduğu Qərbdəki qlobalist dairələrin geosiyasi zəminli sifarişlərini yerinə yetirmiş olur. Müxalifətin həbs olunmuş və olunacaq liderlərinin Rusiya ilə bağlı şəxslər olduğu bəllidir. Buna görə də bu həbslərin Paşinyan tərəfindən Kremlə verilmiş siyasi ismarıclar olduğu və bütün hallarda Moskvanın rəsmi İrəvana təzyiq imkanlarının məhdudlaşdırılmasına yönəldiyi istisna deyil. Paşinyanın onlardan Rusiya ilə münasibətlərdə girov kimi istifadə etməyə çalışacağı da istisna deyil.
Həbs olunmuş sabiq prezident Azərbaycan tərəfindən dövlətimizə və xalqımıza qarşı terror və digər cinayətlərdə ittiham olunduğundan, Paşinyanın ondan rəsmi Bakı ilə sülhlə bağlı danışıqlarda yararlanmağa çalışacağı istisna deyil. Ancaq tərəflər arasında müvafiq ədliyyə razılaşmaları olmadığından məlumdur ki, hazırkı şəraitdə onların Bakıya ekstradisiyası baş tutmayacaq.
Müxalifət təmsilçilərinin həbsi, ehtimal ki, parlamentdə siyasi qarşıdurmanı kəskinləşdirəcək. Zira Köçəryan parlamentdə fraksiya rəhbəri olduğundan, onun rəhbərlik etdiyi fraksiya digər müxalifət partiyaları ilə birləşərək parlamentdə mübarizəni kəskinləşdirəcək. Lakin müxalifətin iqtidarla qarşıdurmanı küçələrə çıxarmaq cəhdləri "stəkanda fırtına" görüntüsündən başqa bir şey olmayacaq.
Əvvəla, erməni müxalifətinin geosiyasi anlamda himayədarı olan Moskva hazırda qlobalist dairələrlə Ukraynada qarşıdurmaya cəlb edilib. Bundan əlavə, rəsmi Moskva gözəl anlayır ki, Paşinyanın vasitəçiliyi ilə Ermənistanda suyu bulandırmağa cəhd edən Qərb ona qarşı burada ikinci cəbhə açmaqla Cənubi Qafqazda da Moskvanı qarşıdurmaya sürükləmək istəyir.
Hazırda ABŞ və İran arasında qarşıdurmada İrana hərbi və kəşfiyyat anlamında dəstək verən Rusiyanın Ermənistanda Qərblə vaxtından əvvəl qarşıdurmaya getməyə, məlumdur ki, lüzum görməyəcəyi ehtimal olunur.
Nəhayət, Ermənistanın millətçi müxalifətinə həmişə dəstək olan Erməni Apostol Kilsəsi də Paşinyanın kilsə ilə münasibətləri nizama salmaq məqsədilə həyata keçirdiyi siyasət nəticəsində əvvəlki nüfuzunu və fəallığını itirib və buna görə də müxalifətin iqtidarla qarşıdurmasına ciddi təzyiq göstərəcək durumda deyil".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31