Daşkənddən Bakıya artan diqqət: Azərbaycan-Özbəkistan münasibətləri güclənir- ÖZƏL
14:30 SiyasətAzərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri bu ölkənin aparıcı media resurslarında geniş işıqlandırılıb. Özbəkistanın xəbər saytları səfər çərçivəsində keçirilən görüşlərə, imzalanan sənədlərə və əldə olunan razılaşmalara geniş yer verib.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin Özbəkistan mediasında geniş işıqlandırılmasını iki ölkə münasibətlərinə artan marağın göstəricisi kimi qiymətləndirmək olarmı? Bu səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının gələcək inkişafına və regiondakı mövqelərinə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Özbəkistan mediasının Azərbaycan Prezidentinin Özbəkistana səfəri, səfər zamanı müzakirə olunan məsələlər, əldə olunan nəticələr, qazanılmış razılaşmalar və s. barədə geniş məlumatlar dərc etməsi, bu görüşə bu qədər geniş yer verməsi onun real əsaslarının olmasının, bunun fərziyyə və ya iddia deyil, günümüzün gerçəkliyi, gələcəkdə hər iki dövlətin inkişafına təkan verəcək, bu gün atılmış təməllərin göstəricisi olmasının nəticəsidir. Yəni ortada bir əməkdaşlıq var, bir müttəfiqlik var, konkret razılaşmalar var ki, bu razılaşmalar gələcəyə hesablanıb. Ona görə də Özbəkistan mediası həmin perspektivləri dəyərləndirərək öz səhifələrində bu məlumatlara və görüşün uğurlu nəticələrinə geniş yer verir. Bu, əlbəttə ki, Özbəkistanda da münasibətlərə artan marağın göstəricisidir.
Eyni ilə Azərbaycan mediasında da biz gördük ki, xoş xəbərlər xüsusi işıqlandırıldı, bütün media orqanları buna öz fəaliyyətində xüsusi yer verdi. Deməli, həm Azərbaycanda, həm də Özbəkistanda ictimaiyyət, xalq və dövlət rəsmiləri bu əməkdaşlığın inkişafının nə qədər vacib olmasının mahiyyətini anlayırlar və hər kəs bu xoş xəbərlərə sevinir.
Səfərdə əldə olunmuş razılaşmaların gələcək baxımından hansı nəticələr verəcəyinə gəlincə, burada bir sıra aspektlər var. Həm ikitərəfli münasibətlər, həm də beynəlxalq əlaqələr baxımından öz nəticəsini, əlbəttə ki, verəcək. Birincisi, ikitərəfli münasibətlərdə qarşılıqlı investisiya və iş birliyinin artmasına təkan verəcək. Artıq ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün razılıq əldə olunub. Bu, heç də kiçik rəqəm deyil.
Eyni zamanda, yəqin ki, bundan sonra qarşılıqlı investisiya yatırımlarının daha da artmasını müşahidə edəcəyik. Sahibkarlıq məsələsində də Azərbaycan və Özbəkistan sahibkarlarının hər iki ölkədə iş qurmasının və qarşılıqlı qazanc əldə etməsinin şahidi olacağıq. Bu, həm də hər iki ölkədə yeni iş yerlərinin yaradılmasına təkan verəcək. Əhalinin sosial rifahına və işsizlik probleminin həllinə də müəyyən qədər öz təsirini göstərəcək. Nəzərə almalıyıq ki, Azərbaycan-Özbəkistan münasibətləri həm də Orta Dəhliz və qlobal ticarət zəncirləri baxımından önəmli faktordur. Münasibətlər inkişaf etdikcə, Orta Dəhlizin daha da canlanmasını müşahidə edəcəyik.
Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasındakı ticarətdə bu, artıq yeni bir alternativə çevrilə bilər. Bu perspektivdən yanaşdıqda, dəniz ticarətinin əvvəlki qədər effektiv sayılmadığı bir şəraitdə quru yolları ilə tranzit əlaqələrinin qurulması ön plandadır. "Bir kəmər, bir yol" layihəsi və onun ən önəmli həlqəsi olan Orta Dəhliz bu nöqtədə ön plana çıxır. Azərbaycan, Cənubi Qafqaz, Özbəkistan və Mərkəzi Asiya bu həlqənin, Orta Dəhlizin ən önəmli tərəflərindən birinə çevrilməkdədir. İki dövlət bu istiqamətdə bir-iki addım atmaqla həm Orta Dəhlizin effektivliyini daha da artıracaq, həm də ayrı-ayrılıqda öz iqtisadi canlanmaları üçün yeni dividendlər qazanacaqlar. Yaşıl enerji məsələsində də iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsini görə bilərik. Hər iki tərəfin bunun üçün kifayət qədər potensialı var və bu potensialı bir yerdə dəyərləndirməklə daha uğurlu nəticələr əldə etmək olar".
Zeynəb Mustafazadə